EN

Hindistan Qəzzayla bağlı sülh planını dəstəkləsə də, Trampın Sülh Şurasına niyə qoşulmadı? – DETALLAR

İran ətrafında gərginliyin davam etdiyi bir dövrdə ABŞ və İsrail arasında məsləhətləşmələr intensiv xarakter alıb. Tərəflər regiondakı mümkün ssenariləri və təhlükəsizlik məsələlərini müzakirə edirlər.

Belə bir geosiyasi fonda Hindistanın Baş naziri Narendra Modinin İsrailə səfər edəcəyi ilə bağlı məlumatların yayılması diqqət çəkir. 2014-cü ildən Hindistana rəhbərlik edən Modi ölkəsinin xarici siyasət kursunu müəyyənləşdirən əsas fiqurlardan hesab olunur.

Qeyd edək ki, Hindistanın İranla da əməkdaşlıq münasibətləri var. 2024-cü ildə Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan limanı idarəçiliyə götürməklə Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyirdi. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynamalıydı. Rusiyadan göndərilən yüklərin Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılması planlaşdırılırdı. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdırılacaqdı. Ancaq İrandakı gərgin vəziyyət və bölgədə müharibə ehtimalı qonşu ölkənin bir sıra layihələrini reallaşmasını sual altında qoyub.

Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Hindistanın İranla yanaşı İsraillə də sıx tərəfdaşlıq münasibətləri mövcuddur:

“Narendra Modinin İsrailə səfərə hazırlaşması bunun sübutudur. Bu Modinin İsrailə ikinci səfəri olacaq.Modi birinci səfərində İsraillə yanaşı Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla da görüşmüşdü.

İsraillə Hindistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq üst səviyyədədir. İsrailin Hindistandakı səfiri Reuven Azar bildirib ki, Hindistanla İsrail azad ticarət sazişinə doğru irəliləyirlər və sənəd bu ilin sonuna qədər hazır olacaq. İsrail diplomatı bildirib ki, Narendra Modinin səfəri zamanı Hindistan və İsrail təhlükəsizlik sazişlərini yeniləməklə müdafiə tərəfdaşlıqlarını dərinləşdirəcəklər.

Hindistan Qəzzayla bağlı sülh təşəbbüslərini dəstəkləsə də, ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü “Sülh Şurası”na qoşulmayıb. Hindistanın Baş naziri Narendra Modi Şuranın Vaşinqtondakı iclasında iştirak etməyib. Bu mövqe rəsmi Dehlinin regionda balanslı və müstəqil siyasi xətt yürütməyə çalışdığını göstərir.

Buna baxmayaraq, Hindistan–İsrail münasibətləri strateji müstəvidə inkişaf etməkdə davam edir. İsrailin Baş naziri Benyamin Netanyahu Modinin səfərinə xüsusi əhəmiyyət verir. Netanyahu ABŞ-dəki yəhudi təşkilatları liderlərinin konfransında çıxışı zamanı bildirib ki, İsrail əhalisinin sayına görə dünyanın ən böyük ölkəsi olan Hindistanla strateji ittifaq formalaşdırıb. Məlumata görə, Modi Netanyahu ilə görüşdən sonra İsrail parlamentində çıxış edəcək.

Modi İsrailin HƏMAS qruplaşmasına qarşı mübarizəsini dəstəkləsə də, problemlərin həllinin iki dövlətli model çərçivəsində mümkün olduğunu vurğulayır. Bu isə Hindistanın həm İsraillə təhlükəsizlik əməkdaşlığını qorumağa, həm də Fələstin məsələsində ənənəvi mövqeyini saxlamağa çalışdığını göstərir”.

Ekspertlərin fikrincə, səfər zamanı yalnız siyasi məsələlər deyil, iqtisadi və geostrateji layihələr də gündəmdə olacaq:

“Xüsusilə, bölgədəki gərginlik səbəbindən dondurulmuş Hindistan–Yaxın Şərq–Avropa nəqliyyat dəhlizinin müzakirəsi gözlənilir.

ABŞ-nin də dəstəklədiyi bu təşəbbüs Hind-Sakit okean regionunu Yaxın Şərq üzərindən Avropa ilə birləşdirməyi nəzərdə tutur. Qəzzada nisbi sabitliyin formalaşması fonunda layihənin yenidən aktuallaşması mümkündür. Bu baxımdan, Modinin İsrailə səfəri təkcə siyasi deyil, həm də strateji-iqtisadi kontekstdə qiymətləndirilə bilər”.

Chosen
13
nocomment.az

1Sources