Premyer Liqada çempionluq uğrunda mübarizənin “Sabah”la “Qarabağ” arasında gedəcəyi şübhə doğurmur.
Yerdə qalan iki vəsiqəyə isə “Turan Tovuz”, “Zirə”, “Araz-Naxçıvan”, “Neftçi” və “Sumqayıt” iddia edir. Ölkə kubokunda yarışan “Qəbələ”, “Kəpəz”lə “Şamaxı” da qısa yolla sürprizə imza ata bilər.
Andrey Demçenkonun gəlişindən sonra 3 oyunda qələbə üzünə həsrət qalan “Araz-Naxçıvan” son 2 matçı qələbə ilə başa vurmaqla vəziyyətini nisbətən yaxşılaşdırdı.
Naxçıvan təmsilçisinin braziliyalı hücumçusu Ramon Maçado Sportinfo.az-a açıqlamasında komandasının şanslarını qiymətləndirib:
“İndiki durum ötən ilkindən fərqlidir. Ötən mövsüm qış fasiləsinə qədər xallarımızın sayı çox idi deyə, qışdan sonra həmin xallarla itkiləri sığortalamağı bacarmışdıq.
Lakin indi itirmək haqqımız yoxdur. Bunun üçün daha çox mübarizə aparmalı, sona qədər döyüşməliyik. “Qarabağ”ıa “Sabah” çox irəli gedib.
Adlarını çəkdiyiniz digər komandaların hər birinin taleyi öz əlindədir, o cümlədən bizim. İnanıram ki, sonda sevinən komandalardan biri olacağıq”.
21 turdan sonra aktivində 33 xal olan “qırmızı-ağlar” 5-ci pillədə qərarlaşıb.
HƏBİB