EN

Ankarada Xocalı soyqırımına həsr olunmuş “Adsız qadın” tamaşası nümayiş etdirildi

BAKI, 24 fevral. TELEQRAF

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları Baş İdarəsi ilə birgə layihəsi çərçivəsində Ankarada Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş "Adsız qadın" teatr tamaşası nümayiş etdirilib.

Teleqraf xəbər verir ki, Ankaranın Dövlət Teatrları Akun səhnəsində nümayiş etdirilən əsəri Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan teatrı səhnələşdirib. Əsərdə baş rolu Kəmalə Cabbarova, köməkçi rollarda Hilal Alp, Vüsalə Əsgərova, Bülent Altay və Behram Afsal ifa ediblər.

Əsərin müəllifi Aygün Həsənoğludur.

Tamaşadan öncə Ermənistan silahlı qüvvələri tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda həyata keçirilmiş dəhşətli soyqırım barədə ətraflı məlumat verilib. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı bəşəriyyətin yaddaşına insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yazılıb.

Azərbaycanın Xocalı şəhərində Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımın dəhşətləri haqqında məlumat verilmiş, yüzlərlə günahsız insan — qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilməsi, minlərlə insan yaralanması və insanlığa qarşı böyük bir cinayət işlədildiyi vurğulanıb.

Daha sonra "Anonim Qadın" tamaşası Akün səhnəsində nümayiş etdirilib. Xocalıda baş verən humanitar faciə bir qadının səssiz fəryadı fonunda estetik baxımdan təsvir edilib. Səhnə tamaşası vasitəsilə Xocalı soyqırımı zamanı insanlığa qarşı törədilən qətllər bir daha xatırladıldı və dünyaya sülh çağırışı edildi.

Tamaşanın sonunda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Şanlı Zəfər ədalətin təntənəsi kimi təqdim olunub, nümayiş etdirilən video materiallarda torpaqlarımızın Ermənistanın işğalçı qüvvələrindən azad edilməsinə dair görüntülər yer alıb.

Qeyd edək ki, tamaşaya maraq böyük olub, tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Chosen
15
teleqraf.com

1Sources