EN

Keçmişi unutmamaq və ondan dərs çıxarmaq gələcək nəsillər qarşısında mənəvi borcumuzdur – ŞƏRH

Bakı, 24 fevral, AZƏRTAC

Sovetlər Birliyinin süqutu ərəfəsində Azərbaycan da digər respublikalar kimi müstəqilliyini elan etdi. Lakin həmin dövrdə Azərbaycan mürəkkəb siyasi və hərbi şəraitlə üz-üzə qaldı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü regionda sabitliyi ciddi şəkildə pozdu.

Bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət mərkəzinin sədri Bilal Dündar bildirib.

Onun sözlərinə görə, strateji mövqeyi, zəngin enerji ehtiyatları və geosiyasi əhəmiyyəti ilə seçilən Azərbaycan bu proseslərin mərkəzində idi.

“Məhz həmin dövrdə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda genişmiqyaslı hərbi əməliyyatlara başladı. Nəticədə ölkə ərazisinin təxminən 20 faizi işğal olundu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzün ən dəhşətli səhifələrindən biri kimi tarixə düşdü. Şəhər ağır artilleriya atəşinə tutuldu, dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədildi. Rəsmi məlumatlara görə, 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar qətlə yetirildi. Yüzlərlə insan yaralandı, girov götürüldü və itkin düşdü. Beynəlxalq təşkilatlar işğal olunmuş ərazilərin Azərbaycana məxsus olduğunu bəyan etsələr də, uzun illər ərzində münaqişənin ədalətli həlli istiqamətində effektiv addımlar atılmadı. Azərbaycan dövləti isə bütün platformalarda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərdi”, - deyə mədəniyyət mərkəzinin sədri vurğulayıb.

Bilal Dündar əlavə edib ki, 2020-ci ilin sentyabrında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altındakı ərazilər azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu: “Bu Zəfər müasir, peşəkar və güclü Azərbaycan Ordusunun, eləcə də xalqın gücünü göstərdi. Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndi. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini açıq şəkildə bəyan etdi. Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. Azərbaycan dövləti və xalqı faciə qurbanlarını heç vaxt unutmur və unutmayacaq. Tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində səylər davam etdirilir. Keçmişi unutmamaq və ondan dərs çıxarmaq gələcək nəsillər qarşısında mənəvi borcumuzdur. Şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq, qazilərimizə və müharibədən zərər çəkmiş insanlara qayğı göstərmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Şəhidlərimizin ruhu şad olsun”.

Chosen
9
1
azertag.az

2Sources