Rusiyada yumurtanın qiymətləri fevral ayından etibarən sürətlə yüksəlir. Bəzi topdansatış məntəqələrində qiymətlər 80%-dən çox artıb.
Nəzərə alaq ki, 2023-cü ildəki kəskin bahalaşmadan sonra Rusiya bazarı nisbi sakitlik dövrü yaşayırdı. Lakin 2026-cı ilin fevralında vəziyyət yenidən dəyişib. Qiymətlər sürətlə bahalaşır. Topdansatışda 83,3%-lik artım artıq pərakəndə satış nöqtələrinə də ciddi təsir edir.
Bəs, Rusiyadakı yumurta ajiotajı Azərbaycan bazarına təsir edə bilərmi?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, narahatlığa əsas yoxdur:
“Ölkəmizin hazırkı gündəlik yumurta təlabatı 4 milyon ədəddən bir qədər çoxdur. Ümumi istehsalımız isə gündə 6 milyon ədədə yaxındır. Nəzərə alaq ki, Azərbaycanda yumurtaya olan tələbat yerli istehsal hesabına ödənilir. Ona görə də qiymətlər uzun müddətdir ki, sabit qalıb.
Rusiyada baş verənlərin də ölkəmizə təsiri yoxdur.
Çünki biz Rusiyadan yumurta almırıq. İxracsa o qədər də böyük deyil. Bu mənada qonşu ölkədə baş verənlərin bizim daxili bazara təsiri yoxdur. Əksinə yaxın aylarda yumurtanın ucuzlaşacağını proqnozlaşdırırıq. Çünki mart ayından başlayaraq bazara daha çox “kənd yumurtası” çıxarılacaq. Bunun hesabına da fabrik yumurtasına tələbat bir qədər də azalacaq. Nəticədə aprel ayında yumurtanın qiymətində eniş başlayacaq”.