EN

Yunanıstan Avropanın yeni qaz mərkəzinə çevrilmək niyyətindədir

Afina, 24 fevral, AZƏRTAC

Yunanıstan Avropanın enerji xəritəsində özünü təbii qazın yeni tranzit mərkəzi (hub) kimi formalaşdırmaq niyyətini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, “Logos-Pres” nəşrinin məlumatına görə, bu təşəbbüs ölkənin strateji coğrafi mövqeyi və mövcud enerji infrastrukturu əsas götürülərək irəli sürülür.

Yunanıstan hökuməti bildirir ki, ölkənin yerləşdiyi region Avropa üçün enerji axınlarının şaxələndirilməsi və təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. O, xüsusilə Cənub-Şərqi Avropaya qaz tədarükü marşrutlarının yaradılması və genişləndirilməsi üçün əlverişli tranzit məkanı rolunu oynaya bilər.

Məlumata görə, Yunanıstanın Aİ və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirmək istədiyi layihələr arasında yeni qaz anbarlarının yaradılması, boru kəmərlərinin genişləndirilməsi və təbii qazın təchizat zəncirinin inkişaf etdirilməsi nəzərdə tutulur. Bu addımlar Avropanın enerji təhlükəsizliyinə töhfə verə və region ölkələrinin enerji asılılığını azaltmağa kömək edə bilər.

Ekspertlər hesab edirlər ki, belə enerji strategiyası yalnız tədarükün sabitliyini artırmaqla qalmır, həm də Yunanıstanı regionun enerji tranzit mərkəzinə çevirə bilər. Xüsusilə Balkanlar və Aralıq dənizi ölkələri ilə qarşılıqlı enerji layihələrinin həyata keçirilməsi ölkənin iqtisadi və geosiyasi mövqeyini möhkəmləndirə bilər.

Qeyd edək ki, enerji bazarında rəqabət və diversifikasiya Avropa İttifaqının ümumi enerji siyasətinin əsas elementlərindəndir və Yunanıstan bu kontekstdə öz rolunu daha da genişləndirməyi qarşısına məqsəd qoyub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Chosen
22
azertag.az

1Sources