Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu Naidə Novruzova “Həkim məsləhəti” rubrikasında “Qalxanvari vəzi hormonlarının dəyişikliyinin orqanizmdə yaratdığı fəsadlar” barədə ətraflı məlumat verib.
Naidə Novruzova bildirir ki, qalxanvari vəzi istehsal etdiyi hormonlar hesabına orqanizmdə maddələr mübadiləsinə cavabdehlik daşıyan unikal orqandır. Hormonlar kifayət qədər olmadıqda maddələr mübadiləsi ləngiyir və zəifləyir. Hormonlar artıq olduqda isə maddələr mübadiləsi prosesi sürətlənir. Hər iki hal orqanizmə mənfi təsir göstərir.
• Qalxanvari vəzi sinir sisteminə təsir edir: hormonlar artıq olduqda insan qıcıqlanmış-əsəbi, həyəcanlı və kövrək olur. Qalxanvari vəzi hormonları sinir sistemini oyadır və stimulyasiya edir. Hormon kifayət etmədikdə yuxululuq, əzginlik və yorğunluq halları müşahidə olunur.
• Ürək-damar sistemi də qalxanvari vəzi funksiyası pozğunluğu zamanı əziyyət çəkir. Qalxanvari vəzi funksiyasının artması zamanı ürək döyüntülərinin sayının çoxalması, sürətlənməsi, arterial təzyiqin dəyişkən olması, ritm pozğunluqları ortaya cıxır. Qalxanvari vəzi hormonu yetməzliyində isə xolesterin yüksəlməsi ürək-damar xəstəliyinin sürətlə proqressivləşməsinə gətirib çıxara bilər.
• Qalxanvari vəzi hormonlarının dəyişikliyi həzm mədə-bağırsaq sisteminə də mənfi təsir edir. Qalxanvari vəzi funksiyasının zəifləməsində öddə durğunluq, qəbzlik inkişaf edir. Qalxanvari vəzi funksiyasının artmasında isə ishal yarana bilir.
• Qalxanvari vəzi hormonlarının dəyişikliyi reproduktiv sistemə də təsir edir, sonsuzluq, hamiləlikdə müxtəlif problemlər yaranır. Həmin vəziyyət qalxanvari vəzi funksiyasının həm zəifləməsi, həm də sürətlənməsi zamanı rast gəlinə bilər.
• Dəri, saç və dırnaqların da vəziyyətinə qalxanvari vəzi funksiyasının pozğunluğu neqativ təsir edir. Hormon yetməzliyində saç tökülməsi, dəri ödəmi və quruluq müşahidə olunur. Həmçinin hava isti olsa da, onlar daim üşüyürlər. Hormon yüksəlməsində isə tez-tez tərləmə və daim isti olmağından şikayət edirlər.
Həmin şikayətləri olanlar mütləq diaqnozun dəqiqləşdirilməsi və müalicəyə başlanılması üçün müayinədən keçməlidirlər. Özünü müalicə ilə məşğul olmaq yolverilməzdir, bununla xəstə özünə yalnız ziyan etmiş olur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.