EN

Parlamentdə kibercinayətkarlıqla bağlı cəzaların sərtləşdirilməsi təklif edilib

Parlamentdə kibercinayətkarlıqla bağlı cəzaların sərtləşdirilməsi təklif edilib.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin dövriyyəyə daxil olması ilə bir çox şəxslərin şəxsi məlumatları onların kompüterlərindən oğurlanır, sonradan isə şantaj halları baş verir.

Deputat qeyd edib ki, bu, ciddi mənəvi-psixoloji sarsıntılara səbəb olur: “Bu normaların sanksiyaları sərtləşdirilməlidir. Mən ümumiyyətlə cəzaların sərtləşdirilməsinin tərəfdarı olmamışam. Amma həmişə demişəm ki, əgər hər hansı cinayət növündə ciddi artım müşahidə olunursa, o zaman müvəqqəti olaraq cəzaların sərtləşdirilməsi zərurəti yaranır. Dünyada da bu praktikadan istifadə olunur. Buna görə cəzalara yenidən baxmalıyıq. Həm də ona görə baxmalıyıq ki, BMT-də qəbul olunmuş kibercinayətkarlığa qarşı konvensiyanı ratifikasiya etmişik. Həmin konvensiyanın ikinci hissəsinin 2-ci bəndində göstərilir ki, “serious crime” – yəni ağır cinayət anlayışı 4 il və daha artıq azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan hallara şamil olunur. Bizim Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə isə ağır cinayətlər 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əməllərdir. Eyni zamanda Konstitusiyanın 151-ci maddəsinə əsasən beynəlxalq müqavilələr qanunlardan üstün hüquqi qüvvəyə malikdir və ziddiyyət yarandıqda beynəlxalq müqavilələr tətbiq olunur. Əgər 4 il və daha artıq azadlıqdan məhrumetmə cəzası ağır cinayət hesab olunursa, deməli, Cinayət Məcəlləmizi bu qanunvericiliyə uyğunlaşdırmalıyıq. Əgər konvensiyanı ratifikasiya etmişiksə, qanunvericiliyimizi də uyğunlaşdırmalıyıq. Normativ hüquqi aktlar haqqında qanuna görə terminlər eyni cür qəbul və tətbiq edilməlidir. Yəni “ağır cinayət” anlayışını iki fərqli formada qanunvericilikdə saxlaya bilmərik”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, kibercinayətlərlə bağlı cəzaların sərtləşdirilməsi mövqeyi indi hüquq ictimaiyyətində mövcuddur: “İndi kibercinayətlər və onun formaları artıb. Ona da adekvat bu fikir meydana çıxıb. Qüdrət müəllimin ideyasını bölüşürük, amma onun tətbiqi barədə düşünmək lazımdır. Tərəflərlə, müvafiq qanunvericilik subyekti ilə bu məsələ müzakirə olunmalıdır. Yanaşma doğrudur, yanaşmanı bölüşürük.

Chosen
13
1
apa.az

2Sources