ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ bir nəfərə qarşı mübarizə aparan demokratik ölkənin tərəfində qalmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.
“Bu adam müharibə deməkdir! Putin müharibə deməkdir! Məsələ bir nəfərdədir. Onun bütün ölkəsi həbsxana şəraitində yaşayır”, - o deyib.
Ukrayna lideri ABŞ Prezidenti Donald Trampın Putinə kifayət qədər təzyiq göstərmədiyi qənaətindədir: “Əgər həqiqətən Putini dayandırmaq istəyirlərsə, Amerika bunu etmək üçün kifayət qədər güclüdür”.
Zelenski bildirib ki, təhlükəsizlik zəmanətləri, xüsusilə Rusiyanın gələcəkdə yenidən Ukraynaya hücum etməsi halında müttəfiqlərin necə reaksiya verəcəyi mübahisə mövzusu olaraq qalmaqdadır: “Mənə Rusiyanın yenidən müharibəyə başlamayacağını deyirlər. Bağışlayın, amma bu mənim almaq istədiyim cavab deyil. Mən çox konkret cavab almaq istəyirəm: Putin yenidən hücum edərsə, tərəfdaşlarımız nə edəcəklər? Ukraynalılar bu suala cavab istəyirlər”.
Onun sözlərinə görə, Tramp Ukraynanın Rusiya ilə sülh sazişini, həmçinin ABŞ və Avropa ilə təhlükəsizlik zəmanətləri razılaşmasını eyni vaxtda imzalamasını istəyir. Lakin Zelenski təhlükəsizlik zəmanətlərinin əvvəlcədən razılaşdırılmalı və ABŞ Konqresi tərəfindən ratifikasiya edilməli olduğunu qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.