Niderland ABŞ-nin təşəbbüsü ilə yaradılmış Sülh Şurasında müşahidəçi statusunda qalmağı planlaşdırır. Bunu krallığın yeni Baş naziri Rob Yetten bəyan edib.
“Biz Sülh Şurasında müşahidəçi olaraq qalmağa davam edəcəyik”, – deyə o, ölkənin yeni hökumətinin andiçmə mərasimi münasibətilə mətbuat üçün təşkil olunan qəbulda bildirib. Yetten əlavə edib ki, Haaqa Qəzza sakinlərinin vəziyyətinin yaxşılaşdırılmasına və anklavda tam və davamlı sülhün əldə olunmasına yönəlmiş “bütün təşəbbüsləri” dəstəkləyir.
Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza sektorunda nizamlanma məqsədilə yaradılmış şuranın nizamnaməsini imzalayıblar. Şuranın ilk iclası fevralın 19-da Vaşinqtonda baş tutub.
Sülh Şurası İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında əldə olunan razılaşmaya uyğun olaraq Qəzzanın idarə olunması üçün yaradılıb. Bununla yanaşı, onun digər regionlarda da münaqişələrin qarşısının alınması və həlli ilə məşğul olacağı nəzərdə tutulur.