EN

Sosial şəbəkələrdə surroqat ana "OVU” – Onları hansı cəza gözləyir? – FOTOFAKT

Son günlər sosial şəbəkələrdə “daşıyıcı ana” axtarışı başlayıb. Bəziləri sosial şəbəkə üzərindən 18-38 yaş arasında qadınları Gürcüstanda “daşıyıcı ana” olmağa dəvət edirlər. Bunun üçün də xeyli şirnikləndirici vədlər verirlər.

Elanlarda bildirilir ki, Gürcüstana gediş-gəliş, qaldığı müddətdə bütün kommunal xərclər şirkət hesabına ödənilir. Bundan əlavə, 8 ay müddətində daşıyıcı anaya 2400 dollar dolanışıq xərci verilir. Uşaq qeysəriyyə yolu ilə dünyaya gətirildikdən sonra daşıyıcı anaya 15 min 600 dollar ödəniş edilir.

Maraqlıdır ki, bu cür səhifələrə maraq çox böyükdür. Səhifəyə rəy yazan qadınların əksəriyyəti vəd edilən pul müqabilində daşıyıcı ana olmağa razı olduqlarını bildirirlər.

Təbii ki, bu da təəssüf və təəccüb doğurur.

Çünki bu ən pis halda övlad qatili, ən yaxşı halda isə övladını pula satmaqdır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyir ki, qadınların özlərini bu qədər ucuz tutmaları dəhşətdir:

“Axı 15-16 min dollar insanın həyatında hansı dəyişiklik yarada bilər?! Ən əsası pula görə həyatını riskə atırsan. 9 ay yad ölkədə necə keçinmək olar?! Kim təminat verir ki, uşaq sağlam dünyaya gələcək?! Və yaxud, uşaq dünyaya gələndən sonra vəd edilən pul tamamilə ödəniləcəkmi?! Risklər çoxdur. Amma ən əsası bu cinayətdir. Qadın pula görə öz bədənini satışa çıxarır. Ən pisi də odur ki, bu səhifənin izləyiciləri gənc qadınlardır. Onların çoxu bəlkə də heç ailə də qurmayıblar. Bəs belələri həyatlarını niyə puç edirlər? Anlamaq mümkün deyil...”

Bu şəxsləri hansı cəza gözləyir?

Sualı Bizim.Media üçün cavablandıran hüquqşünas Ruslan Mustafayev deyir ki, Ümumiyyətlə, Azərbaycan Respublikasının qanunvericiliyində “daşıyıcı ana” ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmayıb:
 

“Qanunvericilikdə “daşıyıcı ana” barədə müddia nəzərdə tutulmasa da, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara görə “daşıyıcı ana” insan alverinin bir hissəsi hesab olunur. Həmin maddələrə uyğun cəzalandırılır”.


Qeyd edək ki, Cinayət Məcəlləsinə əsasən, insan alverində təqsirləndirilən şəxslər beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməl iki və daha çox şəxsə qarşı, Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə və ya təkrar törədildikdə isə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Üstəlik müvafiq qanunda açıq şəkildə qeyd olunub ki, insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.

Onu da bildirək ki, Gürcüstan 1997-ci ildən bəri surroqatlığın nəinki icazə verildiyi, həm də aydın qanunvericilik bazasının mövcud olduğu azsaylı ölkələrdən biridir. Bu məsələ Gürcüstanın "Sağlamlığın Qorunması haqqında" Qanununun 143-cü maddəsində öz əksini tapıb.



Surxay Atakişiyev, Bizim.Media

Chosen
16
1
bizim.media

2Sources