
ABŞ ordusuna məxsus yanacaqdolduran hərbi təyyarələr İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanına eniş edib.
AFN.az xəbər verir ki, bu barədə məlumat və təyyarələrin fotoları İsrailin "Kanal 12" televiziyası tərəfindən paylaşılıb.
Görüntülərə əsasən, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd yanacaqdolduran təyyarə artıq hava limanındadır. Bu addım İranla gərginliyin davam etdiyi bir vaxtda Vaşinqtonun Yaxın Şərqdə hərbi gücünü artırmasının tərkib hissəsi kimi qiymətləndirilir.
İsrail mətbuatının yaydığı digər məlumata görə, ABŞ-ın "USS Gerald R. Ford" aviadaşıyıcısı artıq Krit adası yaxınlığına çatıb. Karib dənizindən yola çıxan nəhəng gəminin Aralıq dənizi vasitəsilə İsrail sahillərinə doğru hərəkət etdiyi bildirilir. Aviadaşıyıcının əsas missiyasının İranın mümkün cavab hücumları zamanı İsrailin müdafiəsini təmin etmək olduğu qeyd edilir.
İranla diplomatik danışıqların davam etməsinə baxmayaraq, ABŞ-ın bölgədəki hərbi varlığını sürətlə artırması ekspertlər tərəfindən fərqli yozulur. Bir çox analitiklər bu yığıncağı hər an İrana qarşı genişmiqyaslı hücumun başlaya biləcəyi ehtimalı kimi şərh edirlər.