EN

Moskvanın mesajı və Avropasız sülh formatı: yeni diplomatik mərhələnin konturları

Rusiya rəsmilərinin Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanın iştirakını məqsədəuyğun hesab etməməsi ətrafında gedən müzakirələr diplomatik müstəvidə yeni dinamikanın formalaşdığını göstərir. Kreml açıq şəkildə bildirir ki, Avropa tərəfsiz vasitəçi rolunda çıxış edə bilməz və bu mövqeyi ilə danışıqlar formatının yenidən qurulmasına çalışır.

Bu yanaşma təkcə texniki format məsələsi deyil, daha geniş geosiyasi hesablamaların tərkib hissəsidir. Müharibənin uzandığı və resursların tükəndiyi bir mərhələdə tərəflər diplomatik manevr imkanlarını genişləndirməyə çalışırlar. Avropa İttifaqı isə həm sanksiya siyasətinin əsas yükünü daşıyan tərəf, həm də Ukraynanın təhlükəsizlik və bərpa gündəliyində aparıcı aktor olaraq prosesdən kənarda qalmaq istəmir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Kremlin bu bəyanatını təsadüfi ritorika hesab etmək düzgün olmaz. Rusiya müharibə boyu ABŞ ilə Avropa arasında yanaşma fərqlərini qabartmağa çalışıb: “Moskva yaxşı anlayır ki, Qərbin vahid mövqeyi onun üçün ən böyük strateji məhdudiyyətdir. Avropanı danışıqlar masasından uzaqlaşdırmaq cəhdi transatlantik həmrəyliyi zəiflətmək məqsədi daşıya bilər. Bu, həm də məsələni Vaşinqton-Moskva xəttinə yönəltmək istəyindən xəbər verir. Beləliklə, bəyanat diplomatik manevr olmaqla yanaşı, siyasi test xarakteri də daşıyır”.

“Avropanın danışıqlarda iştirak etməməsi Rusiyanın mövqeyini gücləndirə bilərmi” sualına cavab verən politoloq deyib ki, qısa müddətli baxışda bu, Rusiyaya daha rahat danışıqlar mühiti yarada bilər. Onun sözlərinə görə, çünki çoxtərəfli formatda qərarların razılaşdırılması daha çətin olur:

“Lakin uzunmüddətli perspektivdə Avropasız hər hansı razılaşmanın davamlılığı sual altına düşə bilər. Avropa həm maliyyə, həm də təhlükəsizlik baxımından Ukraynanın əsas dayaqlarındandır. Onun iştirakı olmadan əldə edilən nəticələrin icrası çətinləşə bilər. Bu səbəbdən məsələ yalnız format deyil, legitimlik məsələsidir.

Züriyə Qarayeva: Avropa İttifaqı ilə inteqrasiya Kiyevin strateji xəttinin əsas elementidir

Ukrayna Avropasız danışıqlara razılaşarsa, bunun hansı siyasi risklər yarada biləcəyinə gəlincə, həmsöhbətimizə görə, belə addım Ukraynanın daxili siyasi mühitində ciddi müzakirələr doğura bilər. Dediyinə görə, çünki Avropa İttifaqı ilə inteqrasiya Kiyevin strateji xəttinin əsas elementidir. Avropanın kənarda qalması təhlükəsizlik zəmanətlərinin zəifləməsi kimi qəbul edilə bilər. Eyni zamanda ictimai rəy bu qərarı güzəşt kimi qiymətləndirə bilər.

Z.Qarayeva bildirib ki, digər tərəfdən, beynəlxalq hüquqi təminat mexanizmlərinin zəifləməsi riski var. Ona görə də Kiyev üçün balansı qorumaq son dərəcə həssas məsələdir.

Politoloq hesab edir ki, əgər tərəflər format üzərində razılığa gələ bilməsələr, proses uzana bilər. Format ətrafında mübahisə bəzən məzmundan daha çox diqqət çəkir. Lakin real sülh üçün əsas məsələ təhlükəsizlik arxitekturasının necə qurulacağıdır.

“Avropa təhlükəsizlik sisteminin birbaşa iştirakçısıdır və onu tam kənarda saxlamaq çətin görünür. Eyni zamanda ABŞ faktorunun rolu həlledici olaraq qalır. Yəqin ki, növbəti mərhələdə kompromis format axtarışları daha da intensivləşəcək”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Chosen
13
1
bakivaxti.az

2Sources