EN

Süni intellektin tətbiqi məlumat təhlükəsizliyi və şəxsi məlumatların qorunması məsələlərini daha aktual edir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“Dövlət idarəçiliyində süni intellektin tətbiqi artıq nəzəri müzakirə mövzusu deyil, real idarəetmə alətinə çevrilməkdədir. Beynəlxalq iqtisadi sistemdə rəqabət üstünlüyü təkcə təbii resurslar və ya coğrafi mövqe ilə deyil, həm də məlumatın necə idarə olunması və qərarların hansı sürət və dəqiqliklə qəbul olunması ilə müəyyən edilir. Bu da süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası iqtisadiyyat üçün yeni mərhələ yaradır”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, Prezident İlham Əliyevin son çıxışlarında rəqəmsal transformasiyanı və innovasiyaların tətbiqini ölkənin uzunmüddətli inkişaf prioriteti kimi təqdim etdiyini görmək mümkündür: “Dövlət başçısı bildirib ki, gələcək rəqabət mühiti bilik, texnologiya və insan kapitalı üzərində qurulacaq. Bu da iqtisadi baxımdan tam əsaslıdır. Çünki süni intellekt yalnız idarəetməni sürətləndirmir, eyni zamanda dövlət resurslarının bölgüsündə effektivliyi artırır və fiskal siyasətin keyfiyyətini yüksəldir”.

Əli Səlimov

“Süni intellektin dövlət idarəçiliyində ən mühüm təsir istiqamətlərindən biri büdcə planlaşdırılması və vergi inzibatçılığı sahəsidir. Böyük məlumat bazalarının analizi sayəsində vergi daxilolmalarının proqnozlaşdırılması daha dəqiq aparılır, riskli əməliyyatlar erkən mərhələdə aşkarlanır və kölgə iqtisadiyyatı ilə mübarizə güclənir. Bu da fiskal dayanıqlılığı artırır. Əgər dövlət gəlirlərini daha real əsaslarla planlaşdırılarsa, sosial proqramların maliyyələşməsi və infrastruktur layihələrinin icrası da daha sistemli həyata keçirilər. Nəticədə iqtisadi artımın keyfiyyəti yüksələcək”-deyən Əli Səlimov bildirib ki, digər mühüm məsələ dövlət xidmətlərinin optimallaşdırılmasıdır.

“Süni intellekt əsaslı avtomatlaşdırılmış sistemlər inzibati xərcləri azaldır, müraciətlərin emal müddətini qısaldır və insan faktorundan qaynaqlanan səhvləri minimuma endirir. Bu isə həm vətəndaş məmnuniyyətini artırır, həm də biznes mühitini yaxşılaşdırır. İnvestor üçün ən vacib göstəricilərdən biri şəffaf və sürətli prosedurlardır. Dövlət idarəçiliyində Sİ tətbiqi lisenziyalaşdırma, qeydiyyat və digər inzibati prosesləri sadələşdirərək investisiya risklərini azaldır. Bu da öz növbəsində kapital axınını stimullaşdırır.

Data əsaslı qərarvermə mexanizmləri makroiqtisadi siyasətin çevikliyini də artırır. İnflyasiya dinamikası, əmək bazarındakı dəyişikliklər və regional inkişaf göstəriciləri süni intellekt vasitəsilə daha dərindən təhlil oluna bilər. Bu da öz növbəsində hökumətə qabaqlayıcı tədbirlər görmək imkanı yaradır. Qlobal şoklar və iqtisadi qeyri-müəyyənlik şəraitində operativ qərarvermə iqtisadi sabitliyin qorunması baxımından həlledici rol oynayır”-deyə iqtisadçı qeyd edib.

İqtisadçı Əli Səlimov bildirib ki, eyni zamanda süni intellektin dövlət səviyyəsində prioritet elan olunması innovasiya ekosistemini canlandırır: “Dövlət sifarişləri və texnoloji layihələr startap mühitinin inkişafına təkan verir, yeni ixtisaslar və yüksək əlavə dəyər yaradan sahələr formalaşır. Azərbaycan üçün əsas çağırış insan kapitalının keyfiyyətcə yeni mərhələyə keçididir. Rəqəmsal bacarıqların artırılması, analitik düşüncənin gücləndirilməsi və texnoloji təhsilin inkişafı iqtisadiyyatın uzunmüddətli rəqabət qabiliyyətini müəyyən edəcək əsas amillərdir”.

Əli Səlimov hesab edir ki, bütün bunlarla yanaşı prosesin riskləri də nəzərə alınmalıdır: “Süni intellektin tətbiqi məlumat təhlükəsizliyi və şəxsi məlumatların qorunması məsələlərini daha aktual edir. Alqoritmik qərarların şəffaflığı təmin olunmasa, ictimai etimad zədələnə bilər. Ümumilikdə, dövlət idarəçiliyində süni intellektin tətbiqi iqtisadiyyata çoxşaxəli müsbət təsir göstərəcək. Bunlara fiskal intizamın güclənməsi, məhsuldarlığın artması və investisiya mühitinin yaxşılaşması aid ola bilər”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
bizimyol.info

1Sources