EN

Maliyyə naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin dördüncü və beşinci mövsümünün qalibləri ilə görüş keçirib.

AzEdu.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Görüş zamanı müsabiqənin ölkədə sağlam rəqabət mühitinin formalaşdırılması və peşəkar kadr potensialının üzə çıxarılması baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Nazir qeyd edib ki, artıq beşinci dəfə keçirilən “Yüksəliş” müsabiqəsi ədalətlilik və şəffaflıq prinsiplərinə əsaslanan qiymətləndirmə modeli ilə seçilir. Müsabiqənin mərhələli və obyektiv seçim mexanizmi iştirakçılar üçün bərabər imkanlar yaradır, nəticələrin isə yalnız bilik, bacarıq və liderlik keyfiyyətlərinə əsasən müəyyənləşdirilməsi cəmiyyət tərəfindən formalaşan yüksək etimadın əsasını təşkil edir.

Görüş çərçivəsində Mentorluq Proqramının əhəmiyyətinə də toxunulub. Bildirilib ki, proqram qaliblərə nəzəri biliklə yanaşı idarəçilik təcrübəsi, strateji düşünmə bacarığı və qərarvermə prosesində praktiki yanaşma qazandırır. Təcrübəli rəhbərlərlə birbaşa ünsiyyət və fərdi inkişaf planı əsasında aparılan iş qaliblərin potensialının sistemli şəkildə inkişafına şərait yaradır.

Daha sonra qaliblərin rəy və təklifləri diqqətlə dinlənilib, idarəçilik təcrübəsi, dövlət sektorunda karyera imkanları, innovativ yanaşmaların tətbiqi və insan kapitalının inkişafı ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Növbəti - altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da Sərəncam imzalanıb.

Chosen
3
5
azedu.az

6Sources