EN

Çox adam bilmir: restoranlar müştəriləri aldadırmış - DİQQƏT!

Əksər restoran və kafelərdə menyuda yeməklərin çəkisi göstərilmir. Eyni yeməyi restoranda yedikdə porsiya daha çox olur, çatdırılma zamanı eyni qiymət, üstəgəl paket və çatdırılma haqqı olsa da, porsiya kiçik olur. Faktiki olaraq menyuda çəki göstərmədiklərinə görə, istehlakçı bunu sübuta yetirə bilmir. 

Maraqlıdır ki, fəstfud restoran şəbəkələrində qidalar sayla göstərilir və əskik olanda tələb etmək olur, amma digər yeməklərdə çəki göstərilmir. Bu da şəffaflıq baxımından doğru hesab edilmir. Təbii ki, müştəri hər yeməyi tərəziyə qoyub çəkmir, amma həcmdə gözlə görünən fərq nəzərə çarpır.

Hüquqi baxımdan restoran və kafelərdəki menyuda, eləcə də çatdırılma şirkətlərinin tətbiqlərində yeməyin çəkisinin göstərilməməsi istehlakçının aldadılması hesab edilə bilərmi? 

Ölkə.Az bu suala cavab tapmaq üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu ünvanlayıb. Qurumdan saytımıza bildirilib ki, müştəri kafe və restoranlarda ona təklif olunan məhsullarının həcmini (çəkisini) yoxlamaq hüququna malikdir, əks halda inzibati məsuliyyət nəzərdə tutulub:

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran mal, iş və ya xidmətin qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələblərinə əsasən ictimai iaşə obyektlərində (restoran, kafe və s.) göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə icraçı təklif olunan xidmətlərin siyahısı və icra şərtləri, xidmətlərin qiymətləri və ödəniş şərtləri, təklif olunan iaşə məhsullarının firma adı və tərkibi, təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri, istehsal olunan iaşə obyektlərində hazırlanan məhsulların və göstərilən xidmətlərin istinad edildiyi sənəd (resept) barədə istehlakçıya məlumat verməlidir.

İstehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla çatdırılmalıdır. İstehlakçı ona təklif olunan iaşə məhsullarının həcmini (çəkisini) yoxlamaq hüququna malikdir. 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına, eləcə də göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulub”.

“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu sahədə yoxlamalar apara bilərmi?” sualına gəldikdə isə bunun şikayət əsasında mümkün olduğu bildirib:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci ilin yanvarın 1-dək dayandırılıb.

Agentlik tərəfindən ictimai iaşə sektorunda istehlakçıların hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə bu sahədə mövcud qanunvericiliyin tələbləri əks olunmuş bildiriş və menyunun nümunəvi forması hazırlanaraq Bakı şəhəri və regionlar üzrə 7 mindən çox ictimai iaşə obyektinə paylanılıb.
Həmçinin Dövlət Vergi Xidmətinin dəstəyi ilə sözügedən bildirişin və menyunun nümunəvi formasının ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin elektron kabinetlərinə yerləşdirilməsi təmin edilib.

İctimai iaşə obyektlərində menyuların olmaması və ya istehlakçılara təqdim edilən menyuların düzgün tərtib edilməməsi halları ilə əlaqədar Agentliyə daxil olan istehlakçı müraciətləri əsasında araşdırmalar aparılır və müraciətdə yetərli faktlar olduğu halda, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.
İstehlakçılar ictimai iaşə obyektlərində məhsul və xidmətlər barədə ətraflı və düzgün məlumatın verilməməsi, o cümlədən menyuların mövcud olmaması və ya qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi halları ilə qarşılaşdıqda ictimai iaşə obyektlərinin dəqiq adını və ünvanını qeyd etməklə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər. Agentliyə rəsmi internet səhifəsi    (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət etmək mümkündür”. 

Billurə Yunus

Chosen
4
2
olke.az

3Sources