EN

Azərbaycanda deputatların sayı ARTIRILACAQ?

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən 30 ildən artıq vaxt keçir. Ötən dövrlərdə ictimai-siyasi və dövlət sistemdə çoxsaylı dəyişikliklər, islahatlar baş verib. Bu yeniliklər Konstitusiyaya dəyişikliklərin edilməsi məsələsini gündəmə gətirib. 

Dəyişikliyi zəruri edən səbəblərdən biri də deputatların sayıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Majoritar və proporsional SEÇKİ arasında SEÇİM – “İri şəhərlərdə meriya seçkilərinə qayıtmaq lazımdır”


Azərbaycan Konstitusiyasında Milli Məclisin üzvlərinin sayı 125 nəfər təsbit edilib. Yəni, hər deputat 35-40 min seçicini təmsil etməlidir.

Lakin son 30 ildə əhalinin 50 faizədək artması bu proporsiyanı pozub. Hazırda hər seçki məntəqəsində 1000 yox, daha çox seçici var. Dairələr üzrə seçicilərin sayı 50 minə yaxındır. Bu da müəyyən texniki və sosial problemlər yaradır.

Bəs deputatların sayının artırılması nə dərəcədə realdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Milli Məclisin deputatlarının sayı Azərbaycan Konstitusiyasının 82-ci maddəsində düzünə göstərişlə 125 nəfərdir:


“Amma Konstitusiya 1995-ci ilin 12 noyabrında qəbul edilərkən Azərbaycan Respublikası əhalisinin sayı cəmi 7 milyon idi. İndi isə ölkə əhalisinin sayı 10 milyondan çoxdur. Yəni ötən müddətdə əhalinin sayı 50 faiz artıb. O zaman, bölgüylə 125 dairə yaradılırdı. Hər dairədə 40 minə yaxın, bəzən 37-38 min seçici olurdu. Lakin əhalinin sayının artması hesabına hazırda hər dairədə 50 min, bəzənsə 55 minə yaxın seçici var. Bu da müəyyən problemlər yaradır.

Hesab edirəm ki, 1995-ci ildə qəbul edilmiş Konstitusiyada göstərilən deputat sayının artırılmasına zərurət var. Ona görə də Konstitusiyamızın 82-ci maddəsi dəyişdirilməlidir”.

Artım nə qədər olacaq?
 

Müsahibimiz hesab edir ki, əhali sayı 10 milyon 200 mindən yuxarıdırsa o zaman deputatların sayını Mərkəzi Seçki Komissiyası müəyyən edə bilər:


“Amma artım göz qabağındadır və dəyişiklik mütləq olmalıdır. Onu da qeyd edim ki, Azərbaycanda əhalinin sayına düşən deputatların sayı dünyada ən aşağı səviyyədədir. Hətta bizdən əhalisi çox az olan Gürcüstan və Ermənistanda deputatların sayı Azərbaycandakından artıqdır.

Müqayisə üçün Avropa ölkələrinə də baxmışam. Avstriya və digər ölkələrdə əhalinin sayı 10 milyondan artıqdırsa, o dövlətlərdə parlament üzvlərinin sayı 150-200 arasında dəyişir. Hətta 200-dən artıq deputatı olan ölkələr də var. Ona görə də Konstitusiya dəyişikliyi labüddür. Təkcə parlament üzvlərinin sayına görə deyil, digər zəruri məslələr də var. Məsələn idarəetmə sisteminin dəyişdirilməsi zərurəti də artıq özünü göstərir”.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
17
2
bizim.media

3Sources