EN

Yaxın Şərq ölkələri ABŞ-nin İsraildəki səfirinin açıqlamasını pisləyib

Bir sıra dövlətlər və regional təşkilatlar səfirin İsrailin ərəb əraziləri üzərində nəzarət iddialarını dəstəkləyən açıqlamasına sərt reaksiya verdi...

Poliqon xəbər verir ki, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Türkiyə, Qətər, Küveyt, Oman, Bəhreyn, Livan, Suriya və Fələstinin xarici işlər nazirlikləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ABŞ-nin İsraildəki səfirinin son bəyanatını qətiyyətlə pislədiklərini və ciddi narahatlıq ifadə etdiklərini açıqlayıblar.

Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda bildirilir. Məlumata görə, ABŞ səfiri İsrailin ərəb dövlətlərinə məxsus ərazilər, o cümlədən işğal olunmuş Qərb Sahili üzərində nəzarət həyata keçirə biləcəyinə dair fikirlər səsləndirib.

Birgə bəyanatda vurğulanır ki, bu cür açıqlamalar beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və suverenlik normalarına ziddir və regionda gərginliyi daha da artıra bilər. Sənəddə tərəflər beynəlxalq ictimaiyyəti məsuliyyətli mövqe tutmağa və Yaxın Şərqdə sülh prosesinə xələl gətirə biləcək bəyanatlardan çəkinməyə çağırıblar.

Qeyd olunur ki, ABŞ səfiri İsrailin demək olar ki, bütün Yaxın Şərq regionu üzrə iddialarını dəstəkləyən mövqe nümayiş etdirib. Bu isə ərəb və müsəlman ölkələri arasında ciddi narazılıq doğurub.

Bəyanatda həmçinin Fələstin məsələsinin beynəlxalq hüquq çərçivəsində, iki dövlətli həll prinsipi əsasında nizamlanmasının vacibliyi bir daha vurğulanıb. Tərəflər regionda sabitliyin qorunması üçün dialoq və diplomatik səylərin gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

Poliqon.info

Chosen
19
poliqon.info

1Sources