Xəbər verdiyimiz kimi, Yevlax təmsilçisinin idman direktoru Elvin Əjdərli “sarı-göylər”ə yaratdıqları şəraitin eynisini “pələnglər” üçün də yarada biləcəklərini demiş, ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirən komandanı öz stadionlarına dəvət etmişdi.
Əlbəttə, bunun üçün əvvəlcə “İmişli” qarşı tərəfə rəsmi müraciət etməlidi. Ancaq iş bununla yekunlaşmır. Ona görə ki, bundan sonra Peşəkar Futbol Liqası Qubadakı idman qurğusuna baxış keçirməli və ot örtüyünün premyer-liqa oyunları üçün yararsız olduğunu təsdiq etməlidi.
Bəs, Aran təmsilçisi bu yöndə hansısa addım atmağı düşünürmü? “İmişli”“Karvan-Yevlax” rəsmisinin dəvətini dəyərləndirəcəkmi?
Bu suallarla “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Dediyiniz məsələ ilə bağlı “Karvan-Yevlax”a müraciət etməmişik. İstəyimiz ən qısa zamanda öz bölgəmizdə - İmişlidə oynamaqdı. Hazırda ev oyunlarını keçirdiyimiz stadionla mövsümün sonuna qədər müqaviləmiz var”.
KƏNAN BAHADIR