Heyva tumu payız və qış aylarında immuniteti gücləndirmək üçün istifadə olunan ən faydalı təbii vasitələrdən biri hesab olunur. Metbuat.az xəbər verir ki, xalq təbabətində uzun illərdir tətbiq edilən bu təbii məhsul tərkibindəki zəngin maddələr sayəsində bir çox sağlamlıq probleminin qarşısını almağa kömək edir. Heyva tumu su ilə təmasda olduqda jeləbənzər bir maddə əmələ gətirir. Bu maddə boğazı yumşaldaraq qıcıqlanmanı azaldır və öskürəyi yüngülləşdirir. Xüsusilə soyuqdəymə zamanı yaranan boğaz ağrısının aradan qaldırılmasında təbii vasitə kimi istifadə olunur.Bununla yanaşı, heyva tumu həzm sistemi üçün də olduqca faydalıdır. Onun selikli quruluşu mədə divarını qoruyur, qastrit və mədə yanmasının azalmasına kömək edir. Eyni zamanda bağırsaqların fəaliyyətini tənzimləyərək qəbizliyin qarşısını ala bilər.Heyva tumundan hazırlanan gel dəri üçün də müsbət təsirə malikdir. Dəriyə tətbiq edildikdə nəmləndirici təsir göstərir, quruluğu aradan qaldırır, çatlamaların və qızartıların azalmasına kömək edir. Bəzi hallarda yanıq və səpgilərin müalicəsində də istifadə oluna bilər.Antioksidantlarla zəngin olan heyva tumu orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. Müntəzəm istifadə edildikdə soyuqdəymə və qrip kimi mövsümi xəstəliklərin yaranma riskini azalda bilər.Heyva tumundan istifadə etmək üçün bir çay qaşığı tumu bir stəkan ilıq suya əlavə edib 5-6 saat saxlayın. Əmələ gələn jeləbənzər mayeni gündə 2-3 dəfə istifadə etmək tövsiyə olunur. Qeyd edək ki, heyva tumunu çeynəmək məsləhət görülmür və istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək daha məqsədəuyğundur.