EN

Sülh Şurası institutlaşma yolunu taparsa, beynəlxalq sülhqoruma arxitekturasında əsl dəyişikliyin başlanğıcına şahid ola bilərik - RƏY

Müasir beynəlxalq münasibətlər sistemində sülhün qorunması, münaqişələrin qarşısının alınması və dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi qlobal gündəliyin əsas prioritetlərindən birinə çevrilib. Xüsusilə, geosiyasi gərginliyin artdığı, regional münaqişələrin beynəlxalq təhlükəsizliyə birbaşa təsir göstərdiyi bir dövrdə müxtəlif beynəlxalq təşkilatların və ictimai təşəbbüslərin fəaliyyəti daha böyük diqqət doğurur. Bu kontekstdə ABŞ-nin yaratdığı Sülh Şurası beynəlxalq ictimai rəyin formalaşmasına təsir edən mühüm amillərdən biridir. Bu kontekstdə Azərbaycan–ABŞ münasibətləri və bu münasibətlərin beynəlxalq ictimai təşkilatlar tərəfindən necə qiymətləndirilməsi aktual siyasi müzakirə mövzularından biri olaraq qalır. Sülh təşəbbüslərinin təşviqi, regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi və qarşılıqlı maraqların balanslaşdırılması istiqamətində aparılan müzakirələr təkcə iki ölkə arasında münasibətlərin deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasının müəyyənləşdirilməsinə təsir göstərir.

 

Mövzu ilə əlaqədar Pravda.az-a fikirlərini bölüşən Azərbaycan-Amerika Birləşmiş Ştatları Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev deyib ki, 2025-ci ilin yanvar ayında Davosda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə elan edilən Sülh Şurası qısa müddətdə beynəlxalq gündəmin ən çox müzakirə olunan məsələsinə çevrilib.

 

Naqif

 

Deputat deyib ki, ilkin olaraq Qəzza münaqişəsinin həlli çərçivəsində formalaşdırılan bu qurum sonradan çox daha geniş mandat alıb:

 

"Məhz bu mandatın genişliyi bir sıra dövlətlər arasında narahatlıq yaratdı, digərləri isə quruluşun potensialını imkan kimi dəyərləndirərək ona qoşuldu.  Azərbaycan ikinci qrupun önündə yer aldı - təsisçi üzv kimi qurama daxil oldu. Şuranın idarəetmə modeli açıq şəkildə mərkəzləşdirilib. Nizamnamə sədrin, yəni Trampın üzv qəbul etmək, rəylər arasında mübahisəni həll etmək, bütün qərarları təsdiq etmək və ya rədd etmək üzrə geniş səlahiyyətlərini müəyyən edir. Sədri yalnız öz könüllü istəfası və ya üzvlərin yekdil qərarı ilə vəzifədən uzaqlaşdırmaq olar ki, bu da faktiki olaraq liderlik dəyişikliyini qeyri-mümkün edir. Şuranın qərarları yalnız üzv dövlətlər üçün məcburidir, qeyri-üzv dövlətlərə heç bir hüquqi gücü yoxdur. Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliya Trampın 20 bəndlik Qəzza sülh planını və 2803 saylı BMT Təhlükəsizlik Şurası qətnaməsini dəstəklədi. Lakin həmin ölkələr nizamnamənin ilkin razılaşmaların çərçivəsini aşdığını gördükdə qoşulmaqdan imtina etdilər. Almaniya rəsmiləri qurumu BMT-nin “əks layihəsi” adlandırdı. Avropalıların narahatlığı üç əsas məsələdə cəmləşir. Birincisi, BMT-nin sıxışdırılması qorxusudur. Nizamnamə “çox vaxt uğursuz olmuş institutlardan” uzaqlaşıb, “daha çevik beynəlxalq sülhqoruma orqanı” qurmaq zərurətini vurğulayır.Bu, onsuz da sarsılan BMT sistemini daha da zəiflədir. İkincisi, mandat uyğunsuzluğudur. Qəzza atəşkəsi üçün imzalanan sənəd qlobal bir qurum yaratmaq öhdəliyinə çevrildi. Üçüncüsü isə legitimlik məsələsidir. Trampın ciddi veto hüququna malik olduğu, lakin digər böyük dövlətlərin bərabər çəkidə olmadığı struktura köklü etiraz var. İtaliyanın müşahidəçi statusunda qalması isə Avropa ölkələrinin taktiki bir mövqe seçdiyini göstərir: nə tam rədd, nə də tam qəbul. Çin dəvəti aldığını təsdiqlədi, lakin qoşulmayacağını bildirdi. Xarici İşlər Nazirliyinin sözçüsü Çinin “BMT-ni özəyinə alan beynəlxalq sistemi qorumağa qəti şəkildə sadiq qalacağını” vurğuladı. Bu mövqenin arxasında dərin strateji hesabat dayanır. Çin onilliklər boyu formalaşmış BMT mərkəzli dünya nizamını dəstəkləyir, çünki bu nizamda daimi üzv sifəti ilə veto hüququna malikdir. Trampın rəhbərlik etdiyi, lakin Çinin bərabər çəkisinin olmadığı bir qurumda Pekin öz diplomatik nüfuzunu itirmiş olardı. Üstəlik, Rusiya ilə Ukrayna arasında davam edən münaqişə şəraitində Çin hər iki tərəflə münasibətini balanslaşdırmağa çalışır - açıq şəkildə Trampın liderlik etdiyi strukturun üzvü olmaq bu balansı pozardı".

 

N.Həmzəyev bildirib ki, Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi qoşulması nə təsadüf, nə də sıradan bir diplomatik jesdir:

 

"Bu addımın arxasında 2025-ci ilin avqust ayında Vaşinqtonda baş tutmuş tarixi hadisə dayanır: Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp üçtərəfli sülh memorandumu imzaladılar. Sənəddə Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi nəzərdə tutulur. Ermənistan bu dəhlizin açılması üçün ABŞ ilə əməkdaşlığı öhdəsinə götürür. Trampın Sülh Şurasının ilk iclasında etdiyi açıqlamalar Azərbaycanın bu prosesdəki mövqeyini aydın şəkildə ortaya qoydu. ABŞ Prezidenti Əliyev və Paşinyanı adbaad xatırladaraq bildirdi ki, “İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam. Biz bunu, təxminən, 24 saat ərzində həll etdik”. Bu ifadə həm Trampın şəxsi marağını, həm də Azərbaycan-Ermənistan sülhünün Şuranın ən parlaq nümunəsi kimi təqdim olunduğunu göstərir. Prezident İlham Əliyev son illərdə beynəlxalq arenada “balanslaşdırıcı lider” kimi formalaşmış obraz qazanıb. 2020-ci il 44 günlük müharibədən Qarabağın bərpasına, 2023-cü il sentyabr əməliyyatından 2025-ci ilin avqustundakı tarixi sülh bəyannaməsinə uzanan yol Əliyevin həm hərbi-strateji, həm də diplomatik sahədə ardıcıl və nəticəyönümlü siyasət apardığını nümayiş etdirdi. Prezident Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirdi: “Keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Döyüş meydanında əldə etdiyimiz parlaq Qələbəyə dünyanın bir nömrəli ofisində siyasi möhür vuruldu”. Bu bəyanat Əliyevin Trampla münasibəti necə dəyərləndirdiyini - Ağ Evi öz uğuruna beynəlxalq legitimlik verən platforma kimi gördüyünü açıq şəkildə ortaya qoyur. Azərbaycanın Sülh Şurasına qoşulması onun çoxvektorlu xarici siyasət kursunun məntiqi davamıdır. Bir tərəfdən Rusiya ilə münasibətlər qorunur (Moskvanın TRIPP layihəsini “Rusiya və İranı kənarlaşdırmaq cəhdi” kimi tənqid etməsinə baxmayaraq), digər tərəfdən ABŞ, Türkiyə və körfəz ölkələri ilə əlaqələr dərinləşdirilir, Avropanın üzv olmadığı bir platformada isə Azərbaycan öncü mövqe tutur. Bu fon fonunda Əliyevin beynəlxalq nüfuzu həm Şərqdə, həm Qərbdə tanınan bir lider profilini özündə birləşdirir. Hazırda ən azı 27 ölkə Şuranın tam üzvüdür; İtaliya, Yunanistan, Cənubi Koreya isə müşahidəçi statusunda iştirak edir. Üzvlüyün artmasına bir sıra güclü amillər işləyir. Qəzza rekonstruksiyası üçün beş milyard dollar həcmindəki maliyyə paketinin cəlbediciliyi, ABŞ-la ikitərəfli münasibətlərini möhkəmləndirmək istəyən ölkələrin siyasi stimulları, eləcə də İndoneziya kimi böyük müsəlman əhalisinə malik ölkələrin daxili etirazlara rəğmən qatılması. Bununla belə, üzvlüyün qarşısını alan amillər də az deyil. Qurumun qərarlarının yalnız üzvlər üçün məcburi olması onun beynəlxalq nüfuzunu məhdudlaşdırır. Ukrayna Prezidenti Zelenski Rusiya ilə eyni Şurada oturmağın qeyri-mümkün olduğunu açıq bildirdi. Trampın Kanadanı dəvəti sonradan siyasi mülahizələrlə geri alması digər ölkələri ehtiyatlı edir. Ən vacib məqam isə Fransa, Almaniya, Böyük Britaniyanın kənarda qalmasıdır. Bu güc mərkəzlərinin olmadığı bir “qlobal sülh qurumu” ciddi legitimlik suallarıyla üzləşməkdə davam edəcək. Ehtimal ki, Şuranın üzv bazası artmağa davam edəcək, lakin bu artım Qərb qütbündən deyil, Körfəz ölkələri, Cənubi-Şərqi Asiya, Afrika və Mərkəzi Asiya coğrafiyasından gələcək. Sülh Şurası indiki formada nə BMT-ni əvəz edə, nə də onu tam şəkildə tamamlaya biləcək bir qurumdur. O, daha çox ABŞ-ın Tramp dönəmindəki xarici siyasətinin əməliyyat çərçivəsi, maliyyə çıxışını şərtlər əsasında paylayan, siyasi sadiqliyi mükafatlandıran, amma hüquqi bağlayıcılığı məhdud bir mexanizm kimi oxunur. Azərbaycanın erkən qoşulması isə ölkənin xarici siyasət fəlsəfəsini əks etdirir - çoxvektorluluq, nəticəyönümlü diplomatiya, güc mərkəzlərinin arasında balans. Prezident İlham Əliyev Sülh Şurasını həm Azərbaycanın  hərbi nailiyyətlərinə beynəlxalq siyasi legitimlik qazandırmaq, həm də TRIPP layihəsi üzərindən Naxçıvanla bağlantı məsələsini qlobal gündəmə daşımaq üçün bacarıqla istifadə etdi. Sonda əsas sual açıq qalır: Trampın prezidentlik müddəti başa çatdıqda bu qurumun taleyi nə olacaq? Əgər Şura ABŞ-nin şəxsi idarəetmə stilindən asılı qurum olaraq qalsa, onun BMT-nin yerini tutmaq iddiası boş bir arzudan ibarət olacaq. Yox, əgər Şura öz institutlaşma yolunu taparsa, beynəlxalq sülhqoruma arxitekturasında əsl dəyişikliyin başlanğıcına şahid ola bilərik".

 

Politoloq Aytən Qurbanova isə bir sıra dövlətlərin Sülh Şurası ilə bağlı narahatlığının olduğunu deyib:

 

Xaçaturyanın

 

"Avropa və Çinin əsas narahatlığı məhz Sülh Şurasının ABŞ tərəfindən irəli sürülən əsas platforma olması, Amerikanın əsas nəzarətə və təsir gücünə sahib olması ilə bağlıdır. Çünki ABŞ-nin patronajı ilə yeni beynəlxalq münasibətlər sisteminin qurulması istiqamətində atılan addımlar nə Çin, nə də Avropa İttifaqı (Avropa İttifaqı) tərəfindən adekvat şəkildə qarşılanmır. Aİ ilə Amerika arasında kifayət qədər çox gərginliklər var. Eyni zamanda Çinlə ABŞ arasında olan iqtisadi rəqabət deməyə əsas verir ki, hər iki tərəf kifayət qədər iddialı çıxışlara sahibdir və uzun müddət beynəlxalq münasibətlər sistemində təsir mexanizminə sahib olduğu bölgələrdən hər hansı formada geri çəkilmək niyyətində deyil. Əsas narahatlıqlar məhz bundan qaynaqlanır".

 

Politoloq Sülh Şurasına üzv olan təsisçi dövlətlərin sayının artacağını deyib:

 

"Donald Tramp artıq bununla bağlı yetəri qədər müraciət ünvanlayıb. Bir çox dövləti Sülh Şurasına təsisçi üzv kimi dəvət edib. Buna görə də üzvlərin sayının artması ehtimalı heç bir halda istisna edilmir. Təbii ki, dövlətlər öz milli maraqları kontekstində bu istiqamətdə qərar qəbul edib, Sülh Şurasında təmsilçiliyi seçə bilərlər. Bu da qlobal sistemdə baş verən münaqişələrin həll olunmasında kifayət qədər önəmli addım olar. Nəzərə almaq lazımdır ki, Sülh Şurası təkcə Qəzza məsələsini deyil, artıq müzakirə olunan, təmsil olunan dövlətlərin sayına baxsaq, daha geniş coğrafiyalarda baş verən münaqişələrin həlli üçün önəmli platformaya çevrilə bilər".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Dörd

Tarix: 21 Fevral 2026, 16:33   
Chosen
11
pravda.az

1Sources