EN

Ana dili milli kimliyin mənəvi Vətəni

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 fevral, AZƏRTAC

Müasir dünyada dil məsələsi artıq təkcə filoloji və ya mədəni sahənin problemi kimi deyil, milli kimliyin qorunması və dövlətçilik strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirilir. 21 Fevral - Beynəlxalq Ana Dili Günü bu həqiqəti bir daha xatırladır: Dil xalqın yalnız danışıq vasitəsi deyil, onun kimliyinin, tarixi yaddaşının və mənəvi bütövlüyünün əsas dayağıdır. Dil millətin varlıq formasıdır - o zəiflədikdə milli kimlik də zəifləyir.

Bu fikirləri AZƏRTAC-a Türkiyənin Qazi Universitetinin müəllimi, təhsilin idarə olunması üzrə fəlsəfə doktoru Şəhla Aslan bildirib.

O bildirib ki, müstəqillik dövründə Azərbaycan dili siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, dil təkcə mədəni irs faktoru kimi deyil, dövlət ideologiyasının və milli kimlik siyasətinin əsas komponentlərindən birinə çevrilib. Bu mərhələdə dilin qorunması artıq yalnız normativ və hüquqi tədbirlər sistemi kimi deyil, milli varlığın strateji təminatı kimi dəyərləndirilir. Prezident İlham Əliyevin çıxışlarında dil məsələsinə xüsusi vurğu etməsi də bu siyasətin ardıcıl və davamlı xarakter daşıdığını aydın şəkildə nümayiş etdirir. Dövlət başçısı Azərbaycan dilini milli kimliyin, dövlət müstəqilliyinin və mənəvi bütövlüyün əsas dayaqlarından biri kimi qiymətləndirərək, onun qorunmasını strateji dövlət prioriteti səviyyəsində müəyyənləşdirmişdir.

Onun sözlərinə görə, ana dili coğrafi sərhədləri aşan, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid mənəvi məkan daxilində birləşdirən ən güclü identiklik faktorudur. Ana dilinin qorunması diaspor üçün yalnız kommunikasiya vasitəsinin saxlanılması deyil, həm də milli köklərlə əlaqənin itirilməməsi, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi deməkdir.

“Qloballaşma şəraitində isə dil və kimlik münasibəti daha mürəkkəb və çoxşaxəli məzmun kəsb edir. Müasir informasiya axınları, rəqəmsal kommunikasiya mühiti və transmilliləşmiş mədəni təsirlər dillərin strukturuna və funksional imkanlarına birbaşa təsir göstərir. Bu proses bir tərəfdən dillərin inkişafı üçün yeni imkanlar açsa da, digər tərəfdən milli dillərin assimilyasiya riskini artırır. Bu səbəbdən dilin qorunması yalnız normativ məhdudiyyətlər və qadağalar vasitəsilə mümkün deyil; bu, kompleks və innovativ yanaşma tələb edən strateji prosesdir”, - deyə Şəhla Aslan vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
azertag.az

1Sources