EN

İradə Rizazadə: QHT-lər itkin ailələri ilə daha fəal işləməlidir

"Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə bağlı Dövlət Komissiyası bu gün gördüyü işlər çox vacibdir. Ən əsas məqam odur ki, biz sübutları toplaya və beynəlxalq müstəvidə təqdim edə bilirik. Dövlət güclü olanda bu məsələlərin hüquqi və siyasi nəticələrini əldə etmək mümkündür. Bu gün Azərbaycan dövləti güclüdür və bu, bizim ən böyük üstünlüyümüzdür. Mən özüm 1988-ci ildə İrəvanda yaşamışam və həmin dövrün hadisələrinin şahidi olmuşam. O vaxt vəziyyət tam fərqli idi. Amma bu gün Azərbaycan qalib dövlətdir və bu reallıq bizim mövqeyimizi gücləndirir".

QHT.az xəbər verir ki, bu fikirləri “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə “Xocalı Soyqırımı, itkin şəxslər: faktlar, sübutlar və humanitar məsuliyyət” mövzusunda keçirilən Dəyirmi Masada bildirib. Onun sözlərinə görə, bu gün yalnız dövlətin deyil, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür. Xüsusilə hüquq sahəsində fəaliyyət göstərən ictimai birliklər, o cümlədən Qarabağ itkin ailələri ilə işləyən təşkilatlar daha fəal olmalıdır. Əsas vəzifələrdən biri ailələrlə mütəmadi görüşlərin keçirilməsi, onların problemlərinin dinlənilməsi və hüquqi maarifləndirmənin aparılmasıdır:

"Gənclərlə iş xüsusi əhəmiyyət daşıyır. Biz tariximizi və reallıqları gənc nəslə düzgün çatdırmalıyıq. Bu, həm milli yaddaşın qorunması, həm də beynəlxalq müstəvidə mövqeyimizin müdafiəsi baxımından vacibdir. Bildiyiniz kimi, bir sıra qeyri-hökumət təşkilatları beynəlxalq qurumların üzvüdür. Bizim də layihələrimiz olub və xaricdə bu məsələləri gündəmə gətirmişik. Qarabağ həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyət davam etdirilməlidir. Beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeyi dəstəklənir. Lakin biz bu dəstəyi daha da gücləndirməliyik. Bunun üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilməli, yeni platformalarda iştirak artırılmalıdır. Məsələn, “Şərq Tərəfdaşlığı” kimi platformalarda iştirak imkanlarından istifadə etməliyik. Bəli, bəzi proseslər çətin və mürəkkəbdir, amma yenə də dialoq və hüquqi mübarizə müstəvisində öz sözümüzü deməliyik".

QHT sədri həmçinin bildirib ki, təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, beynəlxalq tərəfdaşlıq şəbəkələrinin gücləndirilməsi və koordinasiyalı fəaliyyət bu istiqamətdə əsas prioritet olmalıdır.

Chosen
6
qht.az

1Sources