EN

“Gələcək şüurlu davranış və texnologiyadan ağıllı istifadədən asılıdır” – Naib Niftəliyev

"Prinsip etibarilə, belə müzakirələrin aparılması təbii və gözləniləndir. Əslində, bütün cəmiyyətdə baş verən dəyişikliklər müxtəlif dövrlərdə cəmiyyətdə yaşanan informasiya inqadları, elmi və texniki dəyişikliklərlə bağlıdır. Bugünkü dəyişikliklər isə əsasən sosial şəbəkələr üzərindən baş verir və bu sistemə artıq uzun müddətdir hamıya məlum olan, bu gün aktuallaşan süni intellekti də əlavə etmək olar. Ağıllı texnologiyalar, ağıllı telefonlar, ağıllı sistemlər, yəni ağıllı texnologiyanın sistemləri artıq həyatımızı formalaşdıran sosial determinatorlardan birinə çevrilib. Bu texnologiyaların sosial təsiri əsasən insanlarla qarşılıqlı təsiri və insanların ünsiyyət imkanlarının artırılması ilə ölçülür. Amma eyni zamanda, bu təsirlər sosial təbiətlidir, çünki bunların kökündə insanın düşüncəsi və süzgəcindən gələn məhsullar dayanır. Bu baxımdan, təsirlər həm də insanın insana təsiri fonunda dəyərləndirilə bilər. Sosial məsuliyyət hissi hər kəsin şəxsi davranışından asılıdır; texnologiya geniş imkan yaratdıqca, hər bir fərd nisbi azadlığa və daha geniş imkanlara sahib olur. Daha geniş texniki imkanlara və informasiya məkanına çıxış əldə edənlər, cəmiyyətin dəyərlərini, dərəcələrini və şərtlərini müəyyənləşdirə bilirlər. Bu baxımdan, texnologiyanın insanların bir-birinə həm yaxınlaşmasına, həm uzaqlaşmasına səbəb olması təbii bir prosesdir. Bütün dövrlərdə cəmiyyətdə həm inteqrativ, həm də differensializasiyaedici proseslər baş verir. Texnologiyanın inkişafı bu prosesləri daha da incə və kompleks edir, fərdlərin özünü ifadə meyillərini artırır. İnsanlar bir məkanda tanış olmadan da sosial təsir yarada bilirlər və bu, sosiallaşmanın indiyə qədər müşahidə olunmamış alternativ formalarını meydana gətirir. Alternativ psixoloji, özünü ifadə və düşüncə tərzi də buna daxildir. Texnologiyanın inkişafı ilə bəzi insan faktorları aradan çıxır, bəzi amillər isə daha güclü və təsirli şəkildə ortaya çıxır".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, müasir dövrdə cəmiyyət sürətlə dəyişir, amma bu dəyişikliklərin çoxu fərqinə varmadan həyatımıza təsir edir. Dəyərlər sistemi yenilənir, ailə münasibətləri transformasiya olunur, insanlar arasında ünsiyyət azalır, sosial məsuliyyət isə getdikcə fərdiləşir. Texnologiya bizi bir-birimizə daha yaxın etsə də, sosial olaraq daha tənha edə bilir. Bu proseslər fonunda cəmiyyətin hansı istiqamətdə inkişaf etdiyi, sosial bağların güclənib-güclənmədiyi və insan faktorunun harada zəiflədiyi əsas müzakirə mövzularına çevrilib. Cəmiyyəti anlamaq artıq təkcə statistika deyil, insanların davranışlarını, düşüncə tərzini və gündəlik seçimlərini oxumaq deməkdir.

Sosioloq qeyd edib ki, texnologiya həm insanların həyat tərzinə, həm də elmi və informasiya mənbələrinə çıxış imkanlarına əhəmiyyətli təsir göstərir.

Chosen
24
aznews.az

1Sources