EN

Rusiyanın Ermənistanı “bir gecədə çökdürmək” məntiqi

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Yaxud Şoyqunun dedikləri, TRIPP və Kremlin “dəmir (yolu) əyləci”

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin dəmir yollarının Rusiya şirkətinin nəzarətində olmasının potensial tərəfdaşları qorxuya salmasına, regional layihələrə maneçilik törətməsinə dair fikri Kremlətrafı dairələrdə sərt etirazlar doğurub. Bir müddət əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bununla əlaqədar mövqeyini bildirmişdi. İndi isə məsələyə diqqət yetirən ölkənin Təhlükəsizlik Şurasının katibi, sabiq müdafiə naziri Sergey Şoyqudur. Özü də söhbət son dərəcə sərt və daha detallı diqqətdən gedir.

O da məlumdur ki, Azərbaycan və Ermənistan arasında ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin “Tramp marşrutu”, yaxud qısaca TRIPP məntiqinə görə, Azərbaycanın digər ərazilərindən Naxçıvana quru yolu nəzərdə tutulur. Bu marşrut avtomobil yolu ilə yanaşı, özündə daha mühüm olan dəmir yolu seqmentini birləşdirir. Bilavasitə TRIPP-ə qarşı cəbhə açmayan Kreml rəsmilərinin üzərində dayandıqları başlıca mətləb məhz dəmir yoludur. O mətləb ki, kökündə Rusiya amili var. Axı Ermənistanın dəmir yolları Moskvanın tabeliyindədir və Şoyqunun diqqətə çatdıracağımız fikirləri sözügedən tabeliyin dərinliyindən xəbər verir. O qədər dərin ki, Rusiyanın onu Ermənistana təsir rıçağına çevirməsi mümkündür. Bu rıçaq isə Kremlə həm də anti-TRIPP davranışı üçün tutacaq nöqtə qazandırır.

Əlqərəz, S.Şoyqunun sözlərindən gəlinən qənaət budur ki, rəsmi İrəvanın dəmir yolu şəbəkəsinin idarəçiliyinin həm Rusiya, həm də Ermənistana dost ölkəyə verilməsi məsələsini müzakirəyə çıxarması yolverilməzdir. Onun fikrincə, bu, mövcud sferada Rusiyanı əvəzləmək cəhdidir və belə bir cəhd İrəvana baha başa gələ bilər: “Ermənistan hakimiyyətinin dəmir yollarının idarə edilməsində Rusiyanı əvəzləmək istəyi yanlış qərardır, onların qurduğu sistem “bir gecənin içində çökə bilər”.

S.Şoyqu digər ölkələrin dəmir yolu idarəçiliyi sahəsindəki səriştəsi barədə mühakimə yürütmək niyyətində olmadığını da bildirib. Lakin əminliklə vurğulayıb ki, Ermənistanda uzun müddətdir ən çətin şəraitdə fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını hansısa başqa şirkətin tamamilə əvəzləməsi real görünmür. Amma məsələ təkcə bunda deyil.

Moskva, eyni zamanda, İrəvanın nüvə məsələlərində ABŞ-la əməkdaşlıq planlarından narahatdır. Ona görə də Şoyqu buna dair bir neçə gün əvvəl açıqlama verdiyini xatırladıb. Rusiya rəsmisinin bu xatırlatması onu göstərir ki, Kreml dəmir yolu ilə nüvə məsələsini eyni prizmadan qiymətləndirir və hər ikisini yanlış sayır. Ən başlıcası isə Şoyqu yanlışlığın nəyə gətirib çıxaracağına dair ritorik sual səsləndirir ki, bu sualı, müəyyən mənada, şantaj kimi də qiymətləndirmək mümkündür: “Beləliklə, diplomatik dildə desək, bu cür yanlış düşünülmüş qərarlar sıravi Ermənistan vətəndaşlarının bədəlini ödəməli olacağı təhlükəli sınaqlara gətirib çıxara bilərmi?”

S.Şoyqunun fikirlərindən gəlinən nəticə budur ki, Rusiyanın Ermənistanın dəmir yolları şəbəkəsindən uzaqlaşdırılması nəticəsində yaranacaq durumun fəsadlarını ikincinin özünə dost bildiyi heç bir ölkə qarşılaya bilməz. Bu səbəbdən o, rəsmi İrəvanın mühüm qərarlar qəbul edərkən, müstəsna olaraq, öz vətəndaşlarının maraqlarından çıxış edəcəyinə ümid bəslədiyini bildirib. İstər-istəməz, suallar yaranır: Rusiya Ermənistanın dəmir yolu şəbəkəsindən uzaqlaşdırılsa, nə baş verər? Yəni, doğrudanmı, Şoyqunun diplomatik hədə-qorxusu blef deyil? Suallara cavab olaraq bəzi məqamlara, həmçinin, rusiyalı rəsminin növbəti fikirlərinə nəzər salaq. Deməli, S.Şoyqu bildirib ki, təxminən 20 ildir Rusiya dəmir yollarının özəyi sayılan “Cənubi Qafqaz Dəmir Yolları” (CQDY) konsessiya müqaviləsinin şərtlərini, o cümlədən, investisiyalarla bağlı öhdəlikləri məsuliyyətlə yerinə yetirib. Nəticədə ötən müddətdə Ermənistanın dəmir yolları sisteminə, habelə, vaqon-lokomotiv parkına 30 milyard rubldan çox, təxminən 400 milyon dollara yaxın investisiya yatırılıb. Yəni ortada belə bir rəqəm varsa, Paşinyan mövcud sahədə anti-Rusiya xətti yürüdə bilməz.

Üstəlik, Şoyqu İrəvanla bağlanmış müqavilənin CQDY-nin konsessiyaçı kimi aktivlərə sahibliyini, onların istifadəsini, idarə olunmasını, istismarı, saxlanılması, təmir və lazımi təkmilləşdirmə işlərinin aparılmasını nəzərdə tutduğunu deyib: “Sazişin imzalanması zamanı Rusiya tərəfi Ermənistan dəmir yolu sisteminin 1200-dən çox daşınmaz əmlakı və 12500-dən çox daşınar aktivi üçün məsuliyyəti öz üzərinə götürüb”.

Şoyqunun diqqət yetirdiyi başqa məqamlar da var. O bildirib ki, son 20 ildə sözügedən konsessiya müqaviləsi sayəsində Ermənistan büdcəsinə vergi şəklində 15 milyard rubldan çox, təxminən 200 milyon dollara yaxın vəsait daxil olub və 520 kilometrdən çox dəmir yolu təmir edilib, halbuki CQDY QSC tərəfindən idarə olunan şəbəkənin istismar uzunluğu təxminən 700 kilometrdir.

Yəni Rusiya nəinki saziş öhdəliklərini yerinə yetirib, həmçinin, lazım olduğundan da artıq işlər görüb. Amma bu da hələ son deyil. “Şpal”ların 50 faizi dəyişdirilib, 50-dən çox struktur, o cümlədən 38 körpü və iki tunel təmir və bərpa olunub. İki illik statistikaya baxsaq, mənzərə belədir: orta hesabla CQDY QSC ildə 500 mindən çox sərnişin (onlardan təxminən 360 mini yerli daşımalardır) və 1,6 milyon tondan çox yük daşıyır”, - deyən Şoyqu CQDY-nin Ermənistan iqtisadiyyatına verdiyi töhfəni yüksək qiymətləndirib və ölkənin ehtiyacları üçün lazım olan bütün yüklərin bu şirkət tərəfindən daşındığını vurğulayıb.

Bundan başqa, Şoyqu açıqlamasında CQDY-nin Ermənistandakı missiyasının stratejiliyindən söz açıb. O deyib ki, dəmir yolu həm də dənizə çıxışı olmayan ölkə üçün quru nəqliyyat əlaqələrini təmin edən müstəsna vasitədir. Elə bir vasitə ki, Şoyqunun fikrincə, Ermənistanın sosial strukturuna da təsir gücünə malikdir: “Bütün bunların arxasında insanlar, şirkət işçiləri dayanır. Hazırda şirkət işəgötürən kimi 2500-dən çox insanın məşğulluğuna təminat verir. Yeri gəlmişkən, onların demək olar ki, hamısı Ermənistan sakinləri və vətəndaşlarıdır. Onlar bütün lazımi sosial müavinətləri alırlar”.

S.Şoyqu SSRİ-nin dağılmasından sonra Ermənistanın dəmir yolu sisteminin ciddi böhran yaşadığını yada salıb. Onun sözlərinə görə, həmin vaxt infrastruktur kəskin şəkildə pisləşmişdi, dəmir yolunun bir çox hissəsi qar uçqunları və torpaq sürüşmələri səbəbindən işləmirdi. Daha sonra baş verənlər məlumdur. Yəni “Rusiya Dəmir Yolları” və “Cənubi Qafqaz Dəmir Yolları” (“Rusiya Dəmir Yolları”nın xüsusi yaradılmış törəmə müəssisəsi) arasında Ermənistanın dəmir yolu sisteminin 2038-ci ilə qədər “Cənubi Qafqaz Dəmir Yolları”na verilməsi barədə konsessiya müqaviləsi 2008-ci ilin fevralında imzalanmışdı.

Sonda yenidən Baş nazir Paşinyanın açıqlamasına qayıdaq. Paşinyan Ermənistanın dəmir yolları üzrə konsessiya hüququnu həm Rusiyaya, həm də ölkəsinə dost olan bir dövlətə satmasını təklif edərkən, Qazaxıstan, BƏƏ və Qətərin adını çəkmişdi. Şoyqunun bildirdikləri və əsaslandırdıqları məqamlar onu deməyə əsas verir ki, Kreml Ermənistanda dəmir yolları xüsusundakı rıçağını heç kəsə güzəştə getmək niyyətində deyil və əslində, buna təbii yanaşmaq mümkündür. O anlamda ki, 2018-ci ildə Nikolun hakimiyyətə gəlməsi ilə Ermənistana təsir vasitələrini əldən verən Moskva indi ən mühüm vasitə olan dəmir yolu üzərindəki konsessiyadan əlini çəkmək istəmir.

Digər tərəfdən, Şoyqu, faktiki olaraq, onu da bildirir ki, heç bir dövlət Rusiyanın Ermənistandakı dəmir yolu üstünlüyünü pulla satın ala bilməz. Heç şübhəsiz, onun sadaladıqları nüansların ümumi maliyyə dəyərini hesablasaq, ortaya fantastik rəqəm çıxacaq. Belə olan halda, bir müddət əvvəl Ermənistan dövlətinin təmsilçiləri tərəfindən verilmiş Rusiyanı TRIPP layihəsindən kənarda tutmaqla bağlı açıqlama da mənasızlaşır. Müvafiq surətdə, Moskvanın qlobal marşrutda iştiraka dair mövqeyini nəzərə almaq zərurəti yaranır. Hadisələrin gələcək axarı necə olacaq, bunu zaman göstərəcək.

Ə.RÜSTƏMOVXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
1
xalqqazeti.az

2Sources