
Paytaxtın Nəsimi və Yasamal rayonu ərazisində - “Şamaxinka” adlanan yerdə yol hərəkətində dəyişikliklər qüvvəyə minib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, dəyişikliklərlə 20 Yanvar küçəsinin ikitərəfli fəaliyyət göstərən yol sahəsi artıq birtərəfli hərəkət rejiminə keçirilib. Bu yolun paralel hissəsində əks istiqamətdə hərəkət etmək mümkündür.
Bununla həmin küçənin buraxıcılıq qabiliyyəti artırılıb. Ərazidə işlər davam edir, sürücülərdən yeni qaydalara diqqət etmələri tələb olunur.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də ərazidəki dəyişikliklərlə bağlı məlumat yayıb.
Qeyd edilib ki, qurum tərəfindən “Şamaxinka”da ilk dəfə işıqforlar istifadəyə verilib.
Belə ki, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi artıq işıqforla tənzimlənir. Hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar NİİM tərəfindən ərazidə ümumilikdə 13 svetofor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.