Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ötən ilin payızında İrəvanda qətlə yetirilən 23 yaşlı çeçen əsilli Ayşat Baymuradovanın cəsədi artıq dörd aydan çoxdur morqda saxlanılır. Mərhumun yaxınları rəsmi müraciətlərə cavab vermədiyindən Ermənistan hakimiyyəti dəfn xərclərini dövlət hesabına qarşılamaq qərarına gəlib.
Ermənistan İstintaq Komitəsinin nümayəndəsi "Azatutyun" saytına bildirib ki, yerli qanunvericiliyə əsasən cəsəd yalnız ailə üzvlərinə təhvil verilə bilər. Lakin sorğulara baxmayaraq, qohumlar cavab vermirlər. Ermənistan tərəfi daha əvvəl iki dəfə Rusiya hakimiyyətindən mərhumun yaxınlarının məlumatlandırılmasını xahiş edib. Dəfn mərasiminin harada və nə vaxt keçiriləcəyi hələ açıqlanmayıb.
Ayşat Baymuradova 15 oktyabr tarixində itkin düşmüşdü. Həmin gün o, "Instagram"da tanış olduğu bir qızla görüşə getmişdi. Bir neçə gün sonra onun zorakılıq əlamətləri olan cəsədi İrəvandakı mənzillərdən birində tapılıb. Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.
Şübhəli qismində iki Rusiya vətəndaşı - mərhumun görüşdüyü Karina İminova və Said-Hamzat Baysarov saxlanılıb. Hüquq müdafiəçiləri və jurnalistlər onların Çeçenistan rəhbəri Ramzan Kadırovun çevrəsi ilə əlaqəli olduqlarını iddia ediblər.
Baymuradova ölümündən bir neçə ay əvvəl Çeçenistandan Ermənistana köçmüşdü. Onun yaxınlarının sistematik məişət zorakılığından qaçdığı bildirilir. KİV-in məlumatına görə, qohumları hüquq-mühafizə orqanlarında çalışır və ya Ramzan Kadırovun şəxsi mühafizəsində xidmət edirlər.
"СК SOS" hüquq müdafiə təşkilatı qızın cəsədinin onu layiqli şəkildə dəfn edə bilinməsi üçün dostlarına təhvil verilməsinə çağırış edib.