EN

Azərbaycan Qran Prisinin yeri dəyişdirilə bilər Bakıdan süni adaya

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Formula 1 Azərbaycan Qran-Prisinin yerinin dəyişdirilməsi gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Move Real Estate” Forumunun kuluarlarında “RİA Novosti”yə açıqlamasında bildirib.

O, yaxın gələcəkdə “Sea Breeze” kurortu ərazisində alov formasında, sahəsi 200 hektar olan süni adanın salınmasını planlaşdırdıqlarını açıqlayıb. Azərbaycanın tarixən “Odlar yurdu” adlandırılmasından ilhamlanaraq “Fire Island” adı verilmiş bu layihənin yüksəksəviyyəli yarışları, dünya memarlıq ulduzlarının şedevrlərini və premium daşınmaz əmlakı özündə birləşdirməklə Xəzər dənizi turizminin simasını tamamilə dəyişdirəcəyi gözlənilir.

Layihənin dəyəri təxminən 15-16 milyard dollar qiymətləndirilir. Bunun 1 milyardı təkcə adanın yaradılmasına xərclənəcək, orada daşınmaz əmlakın tikintisi isə tikintinin sıxlığından və kvadratmetrindən asılı olaraq, təxminən 10-15 milyard dollara başa gələcək.

E.Ağalarovun sözlərinə görə, adanın tikinti konsepsiyası üzərində işə bir neçə tanınmış beynəlxalq memarlıq şirkətinin cəlb edilməsi planlaşdırılır. Avtomobil yarışları üçün trasın layihələndirilməsi ilə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) birinci kateqoriyalı yarış avtodromlarının tərtibatçısı kimi tanınan “Tilke Engineering” məşğul olacaq.

“Biz bütün “Fire Island” ərazisini bir neçə klasterə bölməyi və hər memarlıq bürosuna klasterlərdən biri üçün öz fərdi üslubunda unikal konsepsiya hazırlamağı təklif etmək niyyətindəyik. Formula 1 yarışlarının təşkilatçıları köhnə Bakının fransız damlı dörd və beşmərtəbəli binalardan ibarət memarlığını çox bəyənirlər. Buna görə də yarışın keçiriləcəyi sahələrdə binaların layihələndirilməsini məhz bu üslubla yaxşı işləməyi bacaran memar Sergey Çobana həvalə etmək istərdim”, - Ağalarov deyib.

O həmçinin “Fire Island” adasında yeni Formula 1 trasının 2031-ci ildə istifadəyə verilə biləcəyini diqqətə çatdırıb. Bununla belə, biznesmen hələlik yarışın Bakı mərhələsinin trasının köçürülməsi haqqında saziş imzalanmadığını, yekun müddətin layihənin maliyyələşdirilmə sxemindən asılı olacağını söyləyib.

“Bu halda biz dövlət investisiyalarına arxalana bilmərik, yəni bu layihəni öz gücümüzlə həyata keçirməliyik. Bu isə o deməkdir ki, trasın tikintisi üçün faktiki investisiyalar bu layihədə bizim tərəfdaşımız olacaq developer şirkətlərin xərclərinə daxil ediləcək”, - Ağalarov əlavə edib.

Qeyd edək ki, hazırda Bakı Şəhər Halqası (Baku City Circuit) şəhər trekləri arasında ən uzun və sürətli treklərdən biri hesab olunur. Uzunluğu təxminən 6 kilometrə çatan bu trekdə bolidlər 370 km/saat sürət yığa bilirlər. Yarışın süni adada yerləşəcək stasionar avtodroma köçürülməsi isə təhlükəsizliyi artırmağa, eləcə də tamaşaçılar və komandalar üçün infrastruktur imkanlarını genişləndirməyə imkan verəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
82
4
qafqazinfo.az

10Sources