
Amerika rəsmiləri ABŞ-a qanunsuz miqrasiyaya şərait yaratdıqları iddia edilən Özbəkistan vətəndaşlarına qarşı viza məhdudiyyətləri tətbiq edib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir. Sənədə əsasən, sanksiyalar Özbəkistanda fəaliyyət göstərən və viza rəsmiləşdirilməsinə kömək edən iki şirkətin rəhbərlərinə və yüksək rütbəli nümayəndələrinə qarşı yönəlib.
Amerika tərəfinin versiyasına görə, həmin şəxslər əsasən Birləşmiş Ştatlara qanunsuz miqrasiya etməyi planlaşdıran xaricilər üçün nəzərdə tutulmuş turizm xidmətlərini qəsdən göstəriblər. Dövlət Departamentinin sözçüsü Tomas Piqott bildirib ki, bu şəxslər azyaşlılar da daxil olmaqla, miqrantların Mərkəzi Amerika ölkələri vasitəsilə ABŞ sərhədlərinə daşınmasını aktiv şəkildə koordinasiya ediblər.
Sənəddə sözügedən şirkətlərin adları və məhdudiyyət tətbiq edilən şəxslərin kimliyi açıqlanmayıb. Eyni zamanda, ABŞ hökuməti qanunsuz miqrasiya şəbəkələrinin qarşısının alınmasında göstərdiyi sıx əməkdaşlığa görə Özbəkistan hökumətinə minnətdarlığını ifadə edib.