“Qarabağ”ın qapıçısı Mateus Koxalski UEFA Çempionlar Liqasının (ÇL) cari mövsümündə ən çox qurtarış edən üçüncü qapıçıdır.
Arena.az xəbər verir ki, polşalı qolkiper turnirin Liqa və pley-off mərhələlərində 40 seyvlə yadda qalıb.
Norveçin “Bodo Qlimt” komandasından Nikita Haikin (52) birinci, İspaniya təmsilçisi “Real”dan Tibo Kurtua (44) ikinci sıradadır.
Koxalski ilə yanaşı, “Qarabağ”ın müdafiəçisi Kevin Medina da UEFA Çempionlar Liqasının fərqlənənləri sırasındadır. O, ÇL-in əsas mərhələsində oyun zamanı rəqiblərindən ən çox top qazanan üçüncü futbolçudur. 32 yaşlı kolumbiyalı müdafiəçi Liqa və əsas mərhələdə 68 dəfə buna nail olub. İlk sırada İspaniyanın “Atletik” klubundan Aytor Parades (77) yer alıb. İtaliyanın “Atalanta” komandasından Odilon Kossunu (73) ikincidir.
Yeri gəlmişkən, ötən gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı Bakıda 6:1 hesabı ilə məğlub etmiş “Nyukasl” bir sıra rekordlara imza atıb.
Komandanın vingeri Antoni Qordon UEFA Çempionlar Liqasının bir mövsümündə 10 qol vurmaqla “Nyukasl”ın turnirdəki rekordunu yeniləyib. Əvvəlki rekord 6 qolla Alan Şirerə məxsus idi.
Bununla yanaşı, Qordon turnirin pley-off mərhələsinin ilk hissəsində 4 qol vurmuş ilk futbolçu kimi tarixə düşüb. O, həmçinin Alan Şirer və Faustino Asprilyadan sonra “sağsağanlar”ın heyətində Çempionlar Liqasında het-trik edən üçüncü oyunçu olub.
Klubun start heyətində 7 ingilis futbolçunun (Antoni Qordon, Xavri Barns, Nik Poup, Kiran Trippyer, Den Börn, Lyuis Holl və Co Uillok) yer alması isə 1998-ci ildəki “Mançester Yunayted” – “Monako” matçından bəri Premyer Liqa təmsilçiləri üçün rekord göstərici kimi qeydə alınıb.
Bundan başqa, “Nyukasl” turnirin pley-off mərhələsində ilk hissədən sonra 5 və ya daha çox qol fərqi ilə öndə olan ikinci komanda olub. Bu nəticəyə sonuncu dəfə 2015-ci ildə “Bayern” (Almaniya) – “Portu” (Portuqaliya) oyununda rast gəlinib.
Xatırladaq ki, “Qarabağ” ötən gecə “Nyukasl”a 1:6 hesabıyla məğlub olub. Komandalar arasında cavab matçı fevralın 24-dən 25-nə keçən gecə (saat 00:00) İngiltərədə baş tutacaq.
