“Nyukasl”ın hücumçusu Antoni Qordon azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, ingilis futbolçu ÇL-in pley-off mərhələsi çərçivəsində ötən gecə Bakıda qarşılaşdıqları “Qarabağ”la ilk oyunda (6:1) 4 qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
Qordon səsvermədə Due Dezire (PSJ), Kasper Heq (“Bodo Qlimt”) və Patrik Şiki (“Bayer”) qabaqlayıb.
Xatırladaq ki, Antoni Qordon UEFA Çempionlar Liqasının bir mövsümündə 10 qol vurmaqla “Nyukasl”ın turnirdəki rekordunu yeniləyib. Əvvəlki rekord 6 qolla Alan Şirerə məxsus idi.
Bununla yanaşı, Qordon turnirin pley-off mərhələsinin ilk hissəsində 4 qol vurmuş ilk futbolçu kimi tarixə düşüb. O, həmçinin Alan Şirer və Faustino Asprilyadan sonra “sağsağanlar”ın heyətində Çempionlar Liqasında het-trik edən üçüncü oyunçu olub.
