EN

Türk ekspert: Qərbin tarixi müstəmləkəçiliyin qanlı cinayətləri ilə ləkələnib

Ankara, 19 fevral, AZƏRTAC

Qərbin Türkiyəni “erməni soyqırımı” iddiaları ilə qaralama cəhdləri arxiv faktlarından uzaq olan uydurmalardır, halbuki Avropa İttifaqına üzv olan 27 ölkədən doqquzunun tarixi dünyanın müxtəlif bölgələrində sənədlərlə təsdiqlənmiş qanlı cinayətlər və soyqırımı aktları ilə ləkələnib.

AZƏRTAC xəbər verir ki, bu fikri Kayseri şəhərində yerləşən Ərciyəs Universitetinin konstitusiya hüququ üzrə eksperti, professor Cengiz Gül bildirib.

O, xüsusilə də Fransanın Əlcəzairdə 132 illik hakimiyyəti dövründə törətdiyi qanlı cinayətləri və 1954–1962-ci illərdə bu Şimali Afrika ölkəsinin 1,5 milyon sakininin həlak olduğunu xatırladıb: “Fransanın və bir sıra digər Avropa ölkələrinin tarixi kütləvi qətllərlə doludur”.

Onun sözlərinə görə, Qərbin keçmişi, xüsusilə müstəmləkəçilik dövrü üçün xarakterik olan vəhşilik və barbarlığın qara səhifələri ilə zəngindir.

C.Gül XX əsri bəşəriyyət tarixində ən qanlı əsr adlandırıb və qeyd edib ki, Qərb ölkələrinin başlatdığı müharibələr 100 milyondan çox insanın həyatına son qoyub: “Qərb ölkələri XXI əsrdə də qanlı cinayətlər törətməkdən imtina etmir”.

Bu arada, fevralın 19-da Türkiyə mediasında Fransanın 1960–1966-cı illərdə Saxara səhrasında keçirdiyi nüvə sınaqlarına dair məqalələr dərc olunub.

Nəşrlərdə bildirilir ki, həmin illərdə Fransa Saxara səhrasının Əlcəzair hissəsində azı 17 nüvə sınağı keçirib və onların nəticələri bu günədək hiss olunur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
98
1
azertag.az

2Sources