EN

Kimlər qan donoru ola bilməz? - AÇIQLAMA

Qanvermədən kənarlaşdırmalar iki böyük qrupa bölünür – daimi və müvəqqəti. Daimi əks-göstərişlərə İİV (QİÇS), sifilis, hepatit B və C kimi yoluxucu xəstəliklər, bədxassəli onkoloji xəstəliklər, insulindən asılı şəkərli diabet, ürək-damar sisteminin ciddi xəstəlikləri, talassemiya, hemofiliya və digər irsi qan xəstəlikləri, xroniki böyrək və qaraciyər çatışmazlığı, autoimmun xəstəliklər, mərkəzi sinir sisteminin ciddi pozuntuları və epilepsiya kimi xəstəliklər daxildir. Bu hallar donorluq üçün daimi əks göstəriş olaraq qiymətləndirilir və qanverməyə icazə verilmir.

Bunu  Səhiyyə Nazirliyinin Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev “İki sahil”ə müsahibəsində söyləyib.

Müsahibimiz qeyd edib ki, bəzi hallarda isə şəxsin qanvermədən müvəqqəti olaraq uzaqlaşdırılması tələb olunur. Bu hallar adətən sağlamlıq vəziyyəti ilə bağlı müvəqqəti narahatlıqlar, qısamüddətli tibbi müdaxilələrlə əlaqədar olur. Məsələn, kəskin respirator infeksiyalar, qrip, angina kimi hallarda, donorun qanverməsi 2-4 həftəlik müddətə təxirə salınır. Peyvəndlərdən sonra – xüsusilə canlı vaksinlər tətbiq olunmuşsa – donor 48 saatdan 4 həftəyə qədər qan verməməlidir. Eyni zamanda, cərrahi əməliyyatlar və ya invaziv tibbi prosedurlar keçirmiş şəxslər bir il ərzində qanvermədən kənarlaşdırılır. Doğuşdan sonrakı dövrdə qadın donorlar üçün də qanvermə fasiləsi təqribən 12 ay müəyyən olunur. Həmçinin, süd verən analar donor ola bilməzlər. Donor özü əvvəlki il ərzində qan və ya qan komponenti qəbul edibsə, həmin müddət tamamlanmadan qan verməsinə icazə verilmir. Bu cür hallarda əsas məqsəd şəxsin tam bərpa olunmuş sağlamlıq vəziyyətində donorluq fəaliyyətinə qayıtmasını təmin etməkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
14
ikisahil.az

1Sources