EN

Xəzər geri çəkilmir, biz geri qalırıq – İlahə Əliyeva

Xəzərin dəyişimi artıq təkcə sahildə deyil, kosmik görüntülərdə də aydın görünür. Peyk şəkilləri illərdir eyni həqiqəti göstərir: su geri çəkilir, sahil xətti dəyişir, dənizin xəritəsi sanki yenidən cızılır.

Son 20 ildə Xəzərin su səviyyəsi təxminən 3 metr enib. Alimlərin xəbərdarlıqları isə daha ciddi rəqəmlərdən xəbər verir — yaxın illərdə bu azalma 10 metrə çata bilər. Bu, Xəzəryanı ölkələr üçün sadəcə ekoloji məsələ deyil. Söhbət iqtisadiyyatdan, nəqliyyatdan, balıqçılıqdan, enerji təhlükəsizliyindən və sahilboyu yaşayış məntəqələrinin gələcəyindən gedir.

Mütəxəssislər suyun azalmasını iqlim dəyişiklikləri ilə əlaqələndirirlər. Temperaturun yüksəlməsi buxarlanmanı artırır. Xəzəri qidalandıran əsas su mənbələrindən biri olan Volqa çayında suyun azalması isə prosesi daha da sürətləndirir. Dənizə daxil olan su həcmi azalır, amma insanın təbiətə təsiri dəyişmir.

Sosial şəbəkədə qarşıma çıxan bir görüntü bütün bu rəqəmləri canlı mənzərəyə çevirdi: bir vaxtlar dənizə baxan restoran masaları indi quma baxırdı. Dalğa səsi eşidilmirdi. Lövhədə isə hələ də “dəniz mənzərəli” yazılmışdı.

Bəlkə də Xəzər danışır, biz eşitmirik.

Bəlkə illərlə davam edən laqeyd münasibətə səssiz cavab verir.

Bəlkə çirklənməyə, istismara və biganəliyə qarşı etirazını bu cür bildirir.

Xəzər sadəcə geri çəkilmir. O, bizə sual verir:

Dəniz bizdən uzaqlaşır, yoxsa biz təbiətdən?

İlahə Əliyeva

DOĞRU.AZ

Chosen
19
1
dogru.az

2Sources