EN

Ailə büdcəsi necə idarə olunmalıdır? - AÇIQLAMA

Ailə yalnız sevgi və mənəvi bağlar üzərində qurulmur. Onun möhkəm dayaqlarından biri də maliyyə sabitliyidir. Gündəlik həyatın ritmi, artan tələbatlar və gözlənilməz xərclər fonunda büdcənin düşünülmüş şəkildə idarə olunması ailə rifahının əsas təminatına çevrilir. Maddi resurslara məsuliyyətli yanaşma isə təkcə xərcləri nizamlamaq deyil, eyni zamanda gələcəyi planlamaq, təhlükəsizlik hissini qorumaq və ailə daxilində harmoniyanı möhkəmləndirmək deməkdir.

Bu barədə sosioloq Elçin Bayramlı Missiya.Az-a danışıb.

"Ailələrin sağlam və dayanıqlı formalaşmasında maddi gəlirlərin düzgün idarə olunması və səmərəli xərclənməsi mühüm rol oynayır. Ailə büdcəsi sadəcə gəlir və xərc siyahısı deyil, ailənin yaşam keyfiyyətini, sağlamlığını, uşaqların təhsilini və ümumi rifahını müəyyən edən əsas mexanizmdir. Buna görə də büdcənin necə planlaşdırılması və idarə olunması xüsusi diqqət tələb edir",-sosioloq bildirib.

Elçin Bayramlının sözlərinə görə, ailə büdcəsi ilk növbədə birgə müzakirə əsasında formalaşdırılmalıdır. Gəlir və xərclər ailə üzvlərinin qarşılıqlı razılığı ilə müəyyən edilməli, şəffaflıq və anlaşma qorunmalıdır. Bu yanaşma həm maliyyə intizamını gücləndirir, həm də ailədaxili narazılıqların qarşısını alır. Xərclərin planlaşdırılmasında prioritetlərin düzgün müəyyənləşdirilməsi əsas şərtdir. Bəzən birinci dərəcəli ehtiyaclar kənara qoyularaq, dəbdəbə və göstəriş xarakterli xərclərə üstünlük verilir. Halbuki ilkin olaraq ailənin sağlamlığı, keyfiyyətli qidalanma, zəruri müalicə ehtiyacları, uşaqların təhsili və tərbiyəsi, eləcə də vacib geyim və məişət tələbatları təmin olunmalıdır. Yalnız bu ehtiyaclar ödənildikdən sonra qalan vəsait istirahət və digər əlavə xərclərə yönəldilə bilər.

"Gəliri yüksək olan ailələrdə maliyyə səhvləri hər zaman ciddi problem yaratmaya bilər. Lakin aztəminatlı ailələr üçün xərclərin optimallaşdırılması həyati əhəmiyyət daşıyır. Bu baxımdan aylıq xərc smetasının tərtib olunması və planlı şəkildə hərəkət edilməsi tövsiyə olunur. Eyni zamanda, gözlənilməz hallara hazır olmaq üçün aylıq gəlirin ən azı 10 faizinin ehtiyat fondu kimi kənara qoyulması məqsədəuyğundur. Bu, qəfil yaranan çətinliklər zamanı ailənin maliyyə sabitliyini qorumağa kömək edir.

Əgər bu prinsiplərə əməl olunarsa, ailə büdcəsi daha səmərəli idarə edilər, maddi çətinliklər minimuma enər və ailədaxili münasibətlər daha sağlam müstəvidə inkişaf edər",-E.Bayramlı əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
57
missiya.az

1Sources