EN

Deputat: “Qurban Qurbanovun fəaliyyətini hər birimiz dəstəkləyirik”

“Qarabağ” və “Nyukasl” qarşılaşmasını Azərbaycan xalqı izlədi. Təbii ki, düşünmürəm ki, burada biz məğlub olduq. Qarabağın gəlib pley-off mərhələsinə gəlib çatması özü bir qələbədir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

O bildirib ki, bu, Azərbaycan futbolu üçün böyük uğurdur: “Bu cür də qəbul etmək lazımdır. Bəzi hallarda hakimlər səhv qərar çıxarırlar, sonradan bu qərarı düzəltmək çətin, mümkünsüz olur. İtirən komanda olur. Xalların sayı, fərq artır... Bu yol da məğlubiyyətə aparmış olur. Belə bir qərarları gördükcə komanda da ruhdan düşür. Bu cür hakimlərlə bağlı hər zaman mübarizə aparılıb, bir çox hallarda biz haqsızlığı da görürük. Bundan öncəki oyunlarda da Azərbaycan komandasına qarşı olan qərəzi gördük. Hətta Prezident İlham Əliyev də hakimin qərarını xüsusi vurğulamışdı. Burada da məhz 32-ci dəqiqədə də biz onu gördük. Futboldan anlayışı olan şəxslər həmin görüntünü anlaya bildi”.

 

M. Cəfərov Qurban Qurbanovu istefaya çağıranlarla bağlı qeyd edib ki, buna heç bir əsas yoxdur: “Bir dəfə qələbə çalanda, bir dəfə də uduzursan... Qurban Qurbanovun sayəsində komanda pley-off mərhələsinə gəlib çatıb. Bunu hər bir kəs bilməlidir, eləcə də azarkeşlər... Onun sayəsində komanda bu səviyyəyə gəlib çatıb. Kifayət qədər böyük büdcəsi olan, dünyada tanınmış komandaları ilə oynayır. Hətta komandaların büdcə fərqini belə müqayisə etmək doğru olmaz. 45-50 dəfə fərqlə olan büdcələrdir. Belə fərqlə büdcəsi olan komanda bu mərhələyə gəlib çatıbsa, bu cür oyunlar göstərirsə, bunun özü bir uğurdur, qələbədir. Qurban Qurbanovun fəaliyyətini hər birimiz dəstəkləyirik, alqışlayırıq. Komanda üçün peşəkar fəaliyyəti olduğu üçün deyil, həm də daxilində olan hissləri, komandaya ötürdüyü enerjini, istər qələbə, istərsə də məğlub olan zaman komanda üzvlərinin yanında olmasını xarici məşqçi nə qədər peşəkar olsa da, bu cür yanaşa bilməz. Müqayisə belə etmək olmaz. Bu baxımdan hesab edirəm ki, Qurban Qurbanov sonrakı fəaliyyətində də komandamız üçün əlindən gələni edəcək. İnanıram ki, növbəti oyunlarda qələbələr qazanacağıq. Qələbələr bizi daha yüksək səviyyəyə gətirib çıxaracaq. Ancaq istənilən halda bu mərhələdə oyun nümayiş etdirməyimiz qalibiyyətdir”.

 

Qeyd: "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb. Qurban Qurbanovun yetirmələri "Nyukasl" klubu ilə qarşılaşaraq 1:6 hesabı ilə məğlub olublar.

 

Şəhanə Quliyeva

Tarix: 19 Fevral 2026, 13:01   
Chosen
36
pravda.az

1Sources