EN

Azərbaycan bəstələri ilə milyonlarla baxış yığan alman pianoçu: Musiqiniz birbaşa ürəyə toxunur VİDEO

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son zamanlar sosial şəbəkələrdə Uve Dringenberq (Uwe Dringenberg) adlı alman pianoçu tez-tez rastımıza çıxır. Bu pianoçunun səhifəsinə nəzər yetirdikdə, yüksək izlənmə sayını görürük. Bizim üçün ifaların maraqlı tərəfi odur ki, pianoçu Azərbaycan bəstələrindən istifadə edir və kifayət qədər izləyicilərdə maraq yaradır. Elə bu mövqedən çıxış edərək, alman pianoçu ilə söhbətləşmək qərarına gəldik.

Azərbaycan bəstələri ilə milyonlarla baxış yığan alman pianoçu: "Musiqiniz birbaşa ürəyə toxunur" - VİDEO

Uve Dringenberqin (Uwe Dringenberg) Oxu.Az-a müsahibəsini təqdim edirik.

- Müsahibəyə razılıq verib, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Zəhmət olmasa, oxucularımıza özünüzü təqdim edin. Neçə ildir pianoda ifa edirsiniz?

- Almaniyanın Sauerland bölgəsində yerləşən Menden şəhərində anadan olmuşam. Yeddi yaşımdan etibarən pianoda ifa etməyə başladım. Ümumən 60 ildir ki, davam edirəm. Piano təhsilimi Karlsrue şəhərində almışam. Piano üzrə çoxsaylı müəllimlərim olub. Onların arasında Alfred Kortonun tələbəsi olmuş Marialuiza Ştrub-Moresko da var.

- "TikTok" platformasında paylaşdığınız ifalarınız böyük maraqla qarşılanır. İfalarınızı sosial şəbəkədə paylaşmağa sizi nə təşviq etdi?

- 1988-ci ildə əsəb problemləri səbəbi ilə konsert səhnələrindən tamamilə uzaqlaşdım. Məhz bu səbəbdən ailəm sosial şəbəkə vasitəsilə yenidən ictimaiyyət qarşısına çıxmağım üçün məni təşviq etdi.

- Siz tez-tez Türkiyə və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirsiniz. Bizim regionun bəstələrinə marağınız necə yarandı?

- "TikTok" platformasında canlı yayımlarımın birində kimsə "Kara Sevda" adlı türk serialından bir mahnı ifa etməyimi xahiş etdi. Əvvəlcə bu video az baxış topladı və bir qədər məyus oldum. Lakin təxminən bir həftə sonra baxış sayı milyonlara çatdı. Bu məni çox təəccübləndirdi. Bundan sonra türk bəstələri ilə daha dərindən maraqlanmağa başladım. Sosial şəbəkə musiqi vasitəsilə müxtəlif mədəniyyətləri bir-birinə yaxınlaşdırmaqda çox böyük rol oynayır.

- İfa etdiyiniz ilk Azərbaycan əsərini xatırlayırsınızmı? Məhz həmin əsəri seçməyinizin səbəbi nə idi?

- Azərbaycandan olan insanlar mənim ifalarıma maraq göstərirdilər. Onlar tez-tez "Həsrətindən" mahnısını sifariş edirdilər. Həmin mahnıya müraciət edəndən sonra gözəlliyinin fərqinə vardım.

- Azərbaycan bəstələrində diqqətinizi nə çəkir, bizim musiqimizi necə ifadə edərdiniz?

- Buna qısa və dəqiq cavab verə bilərəm. Azərbaycan bəstələri çox böyük emosional dərinliyə malikdir. Azərbaycan musiqisini ifa edərkən içimdə xüsusi bir hiss oyanır. Orada ağrı-acı, həsrət, eyni zamanda, qürur, istilik və daxili güc hiss edirəm.

Azərbaycan bəstələri ilə milyonlarla baxış yığan alman pianoçu: "Musiqiniz birbaşa ürəyə toxunur" - VİDEO

- İfa etdiyiniz Azərbaycan mahnılarının məna və hekayələrini anlayırsınız, yoxsa onlara yalnız musiqi mövqeyindən yanaşırsınız?

- İlk növbədə, Azərbaycan bəstələrinə musiqi kimi baxıram. Daha sonra isə əsərlərin tarixi, yaranma şəraiti və arxa planı ilə maraqlanıram. Azərbaycan və onun tarixini daha yaxşı tanımaq üçün ölkəniz haqqında kitab da almışam. Bəstəkarlarınızın bioqrafiyaları da mənim üçün maraqlıdır.

- Azərbaycan və ya türk dilində danışa bilirsiniz?

- Xeyr. Amma türk dili üçün danışıq kitabçası almışam. Yəqin ki, Azərbaycan dili üçün də bir kitabça alacağam.

- Azərbaycandan olan izləyiciləriniz ifalarınıza necə reaksiya verirlər? Xüsusilə sizi təsirləndirən mesajlar almısınızmı?

- Azərbaycanlı izləyicilərdən böyük istilik və səmimiyyət görmüşəm. Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzindən mənimlə əlaqə saxlayaraq əməkdaşlıq etmək istədiklərini bildiriblər.

- Bir bəstəkar və piano müəllimi kimi Azərbaycan musiqisinin Avropa klassik musiqisi ilə müqayisədə fərqini necə izah edərdiniz?

- Harmoniya və melodiyada fərqlər görürəm. Azərbaycan musiqisi mənim üçün birbaşa hisslərin ifadəsidir. Avropa musiqisi isə çox zaman daha təmkinli və polifonik təsir bağışlayır. Azərbaycan musiqisi birbaşa ürəyə toxunur. Bu oxşarlığı Bax, Bethoven, Çaykovski, Raxmaninov, Şopen və digər məşhur bəstəkarlarda da görmək mümkündür. Ortaq cəhət dərin şəxsi təcrübə və hisslərin ifadəsidir.

Azərbaycan bəstələri ilə milyonlarla baxış yığan alman pianoçu: "Musiqiniz birbaşa ürəyə toxunur" - VİDEO

- Gələcəkdə hansı Azərbaycan bəstəkarlarının yaradıcılığını daha dərindən araşdırmaq istərdiniz?

- Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Eldar Mansurov, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov, Şəfiqə Axundova və Azərbaycan xalq musiqiləri.

- Heç Azərbaycanda olmusunuzmu və ya gələcəkdə ölkəmizə səfər etməyi düşünürsünüzmü?

- Mən heç vaxt Azərbaycanda olmamışam. Təyyarə ilə uçmadığım üçün gözəl ölkənizə gəlmək mənim üçün çətin olacaq.

- Azərbaycan musiqisi ilə bağlı reallaşdırmaq istədiyiniz planınız və ya arzunuz var?

- Almaniyada fəaliyyət göstərən Azərbaycan mədəniyyət klublarında çıxış edə bilərəm. Özüm də bəstəkar olduğum üçün əsərlərimi Azərbaycan bəstələri ilə növbəli şəkildə ifa edə bilərəm. İmprovizasiyalar da mümkündür. "Şərq və Qərbin görüşü" uyğun bir ad ola bilər. İfalarıma göstərdikləri səmimiyyət və marağa görə azərbaycanlı izləyicilərimə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
70
29
oxu.az

10Sources