Rusiya İstintaq Komitəsinin, Federal Təhlükəsizlik Xidmətinin və Federal Cəzaların İcrası Xidmətinin əməkdaşları Zabaykalye diyarında yerləşən cəzaçəkmə müəssisələrindən birində terrora çağırış edən gizli qrup aşkar ediblər.
Ölkə.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya region üzrə SK idarəsinin rəsmi nümayəndəsi Yeqor Markov məlumat verib.
İstintaqın versiyasına görə, qrupun fəaliyyətində ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş yeddi nəfər iştirak edib. Onların birliyi 2014–2025-ci illər ərzində fəaliyyət göstərib. Qrupun əsas məqsədi terrorizmin təbliği və məhkumların terror aktlarına cəlb olunması olub.
Hücrənin təşkilatçıları və əsas üzvləri Dağıstan, Volqoqrad vilayəti, eləcə də Zabaykalye və Krasnodar diyarlarının ərazilərində saxlanılıblar. Onların yaşadıqları ünvanlarda axtarışlar aparılıb, ədəbiyyat və mobil telefonlar götürülüb.
Hazırda saxlanılan şəxslər terrorçu birliyin təşkili və həmin birlikdə iştirak etməkdə şübhəli bilinirlər. Daha iki nəfərə isə terror fəaliyyətinə yardım və onun maliyyələşdirilməsi ittihamı irəli sürülüb. Beş nəfər barəsində həbs qətimkan tədbiri seçilib, digər iki nəfər isə Zabaykalye diyarındakı koloniyalarda saxlanılır.
Məlumata görə, saxlanılanların hamısı Rusiyada qadağan olunmuş terror təşkilatı olan “İslam Dövləti”nin (İŞİD) tərəfdarlarıdır.
Həmidə İbrahimova