Bakı, 19 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu məkan bu gün Cənubi Qafqazın ən böyük inklüziv yaradıcılıq mərkəzlərindən biridir. Fəaliyyət göstərdiyimiz müddətdə 920-dən çox həssas kateqoriyaya aid şəxsə xidmət göstərmişik. Onların 700-dən çoxu əlilliyi olan şəxslərdir, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların ailə üzvləridir. Eyni zamanda, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və aztəminatlı ailələrdən olan şəxslər də xidmətlərimizdən yararlanırlar.
AZƏRTAC xəbər verir ki, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan “İnklüziv Karyera Forumu”nda çıxışı zamanı deyib.
"Regionlarda da fəaliyyətimizi genişləndirmişik. İsmayıllıda “DOST Evi” filialımız, Bərdədə Qarabağ “DOST Evi” şöbəmiz bölgə sakinlərinin xidmətindədir. Bu məkanlarda yaradıcı şəxslər öz potensiallarını reallaşdırmaq imkanı əldə edirlər. Hazırda mərkəz və filiallarımızda 274 benefisiar 14 müxtəlif istiqamət üzrə təlimlərdə iştirak edir. Biz yalnız yaradıcılıq bacarıqlarının inkişafına deyil, eyni zamanda, onların məşğulluq imkanlarının artırılmasına da xüsusi önəm veririk. Qürurla qeyd etmək istəyirəm ki, mərkəzimizin istedadlı üzvlərindən Rəvanə Ağamirova, Fatimə İsrafilova və Səməd Novruzov “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüblər. Eyni zamanda, 20-yə yaxın benefisiar ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunub, 10-dan artıq şəxs isə mərkəz və filiallarımızda işlə təmin edilib. Onların bir qismi artıq təlimçi kimi fəaliyyət göstərir", - deyə E.Ənsari qeyd edib.