EN

5500 il əvvəl atasının sümükləri sinəsində dəfn edilən yeniyetmə qızın məzarını tapılıb

1983-cü ildə ilk qazıntılardan bəri İsveçin qərbində yerləşən Ayvide ərazisində çuxurlu keramika mədəniyyətinə aid 85 məzar aşkar edilib. Bəzi dəfnlərdə yaxın bioloji qohumlar da tapılıb.

Poliqon xəbər verir ki, bu barədə Live Science yazır.

İsveçin Qotland adasında yerləşən nadir Daş dövrü qəbiristanlığı göstərib ki, Avropanın son ovçu-yığıcı icmalarından bəziləri ən yaxın qohumları ilə deyil, daha uzaq qohumları ilə birlikdə dəfn olunublar.

Bununla belə, tədqiqatçılar bəzi məzarlarda yaxın bioloji qohumların da birlikdə dəfn edildiyini müəyyən ediblər. Onların arasında sümükləri sinəsi üzərinə və yanına qoyulmuş atasının qalıqları ilə dəfn edilən yeniyetmə qız da var.

Qeyd olunur ki, 1983-cü ildən bəri Ayvide ərazisində 5500 il əvvəl yaşamış ovçu-yığıcı cəmiyyətə aid 85 məzar tapılıb. Həmin dövrdə Avropada artıq əkinçilik geniş yayılmışdı, lakin bəzi ovçu-yığıcı qruplar Skandinaviyada yaşayaraq əsasən suitiləri ovlayır və balıqçılıqla məşğul olurdular.

Ayvide ən azı dörd əsr ərzində məskunlaşmış ərazi olub. Arxeoloqlar çoxlu keramika parçaları, heyvan sümükləri və qəbiristanlıq aşkar ediblər. Qazıntılar göstərib ki, səkkiz məzarda birdən çox insan dəfn olunub. Əvvəlcə tədqiqatçılar bu insanların yaxın qohum olduğunu düşünürdülər. Lakin qədim DNT analizindəki irəliləyişlər qəbiristanlıqda qohumluq əlaqələrinin tam araşdırılmasına imkan verib.

"Belə ovçu-yığıcı dəfnləri nadir qorunduğu üçün bu cəmiyyətlərdə qohumluq əlaqələrinin tədqiqi çox azdır və adətən məhdud miqyasda aparılır", deyə Uppsala Universitetinin populyasiya genetikası üzrə mütəxəssisi Tiina Mattila bildirib.

O, dörd məzarın genetik analizinə rəhbərlik edib. Araşdırma Proceedings of the Royal Society B jurnalında dərc olunub.

Bir məzarda arxeoloqlar yetkin qadının skeleti ilə yanaşı iki kiçik uşağın skeletini tapıblar. DNT analizi göstərib ki, uşaqlar qardaş və bacıdır. Lakin qadın onların anası olmayıb — ehtimal ki, onların atasının bacısı və ya ögey bacısı olub.

İkinci məzarda birlikdə dəfn olunmuş oğlan və qız tapılıb. Onların üçüncü dərəcəli qohum olduğu — yəni DNT-lərinin səkkizdə birini paylaşdıqları və yəqin ki, əmioğlu-əmigızı olduqları müəyyən edilib.

Üçüncü məzarda qız və gənc qadının da üçüncü dərəcəli qohum olduğu — ehtimal ki, əmioğlu-əmigızı və ya ulu nənə ilə nəticə qohumluğu olduğu müəyyənləşdirilib.

Dördüncü məzarda isə kürəyi üstə uzadılmış vəziyyətdə gənc yeniyetmə qız dəfn olunmuşdu, onun üzərinə və yanına bir yığın sümük qoyulmuşdu. DNT analizi göstərdi ki, bu sümüklər qızın atasına məxsusdur. Tədqiqatçılar hesab edir ki, ata qızdan əvvəl ölüb və onun sümükləri başqa yerdən çıxarılaraq qızının məzarına gətirilib.

Araşdırmanın həmmüəllifi, arxeogenetik Helena Malmström bildirib: "Gözlənilməz olaraq analiz göstərdi ki, birlikdə dəfn olunanların çoxu birinci deyil, ikinci və ya üçüncü dərəcəli qohumlar olub — yəni valideyn-övlad və ya bacı-qardaş deyil. Bu isə onların nəsil əlaqələrini yaxşı bildiyini və yaxın ailədən kənar münasibətlərin də mühüm rol oynadığını göstərir".

Bu araşdırma Skandinaviya neolit ovçu-yığıcıları arasında qohumluq əlaqələrini öyrənən ilk tədqiqatdır. Alimlər qəbiristanlıqda tapılan bütün skeletləri analiz etməyi planlaşdırırlar ki, qədim ovçu-yığıcıların sosial quruluşu, həyat dövrü və dəfn mərasimləri barədə daha çox məlumat əldə etsinlər.

Poliqon.info

Chosen
61
poliqon.info

1Sources