EN

Bakıya qayıdan taksi sürücüsü Sumqayıtdan niyə sərnişin götürə bilməz? - Vəkil AÇIQLADI

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) taksi fəaliyyəti ilə bağlı tətbiq etdiyi yeni tənzimləmələr sürücülər və sərnişinlər arasında geniş müzakirələrə səbəb olub. Agentliyin son qərarına əsasən, taksi sürücülərinin sərnişindaşıma coğrafiyasına ciddi məhdudiyyətlər gətirilib.

Xüsusilə Bakı və Sumqayıt arasındakı gediş-gəlişə toxunan bu qaydaya görə, paytaxtdan sərnişin aparan taksi sürücüləri Sumqayıtdan Bakı istiqamətində geri sərnişin götürə bilməzlər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan vəkil Araz Nurməmmədov bildirdi ki, AYNA-nın belə bir qərar qəbul etməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 322.0.13-cü maddənin  mövcudluğu ilk baxışda qadağa kimi qiymətləndirilə bilər:

"Belə ki, taksi sürücüsü Bakıdan Sumqayıta sərnişin apara bilər, lakin geri qayıdarkən oradan sərnişin götürməsi qadağan olunur. Burada əsas məsələlərdən biri ərazi hüdudlarının dəqiq müəyyən edilməsidir. Taksi sürücüsünə təqdim olunan taksometr və buraxılış kartında onun fəaliyyət göstərəcəyi konkret ərazi qeyd olunur. Əgər sürücünün icazəsi Bakı şəhəri üzrə verilibsə, onun əsas xidmət zonası da məhz paytaxt Bakı hesab edilir. Bu ərazi hüdudlarından kənarda fəaliyyət göstərilməsi isə İnzibati Xətalar Məcəlləsinin 322.0.13-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır. Həmin maddəyə görə, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartı ilə müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur".

Müsahibimiz əlavə etdi ki, bu qərarın əsas məqsədlərindən biri Sumqayıtda fəaliyyət göstərən yerli taksi sürücülərinin maraqlarını qorumaq, onların iş imkanlarını paytaxtdan gələn sürücülərlə haqsız rəqabətdən sığortalamaqdır:

"Eyni zamanda şəhərlərarası qanunsuz taksi fəaliyyətinin qarşısının alınması və vətəndaşların daha çox ictimai nəqliyyata yönləndirilməsi də əsas hədəflər sırasındadır. Ümumilikdə burada inzibati-ərazi prinsipi tətbiq olunur; yəni qanunvericilik hər bir xidmət növünün fəaliyyət sərhədlərini müəyyən edir. Necə ki, bir rayonun marşrut avtobusu digər rayonda özbaşına sərnişin daşıya bilməz, taksi fəaliyyəti ilə məşğul olan minik avtomobilləri də öz lisenziya zonası çərçivəsində fəaliyyət göstərməlidir. Bu baxımdan tətbiq olunan 50 manatlıq cərimə xidmətin keyfiyyətinə görə deyil, icazə şərtlərinin pozulmasına görə nəzərdə tutulub. Digər mühüm məqam yerli bazarın tənzimlənməsi ilə bağlıdır. Məsələn, əgər Bakıda fəaliyyət göstərən on minlərlə taksi sürücüsü Sumqayıta gedərək oradan sərnişin götürə bilsə, bu halda Sumqayıtın daxili taksi bazarında ciddi problemlər yarana bilər. Bu, yerli sürücülər üçün haqsız rəqabət mühiti formalaşdırar. Çünki Sumqayıtda fəaliyyət göstərən sürücülər müvafiq icazə alır və vergi öhdəliklərini yerinə yetirir. Kənardan gələn sürücülərin həmin ərazidə sərnişin götürərək geri qayıtması isə yerli sürücülərin qazancına birbaşa təsir göstərir. Bundan əlavə, boş qayıtmamaq məqsədilə daha ucuz tariflərin təklif olunması süni qiymət azalmasına və bazarda dempinq hallarının yaranmasına səbəb ola bilər".

Hüquqşünasın sözlərinə görə, qərarın arxasında duran ən mühüm məqsədlərdən biri də vətəndaşların şəhərlərarası səfərlər zamanı ictimai nəqliyyata – xüsusilə ekspress avtobuslara və dəmir yolu nəqliyyatına daha çox üstünlük verilməsini təşviq etməkdir.

"Çünki fərdi taksilərdən geniş istifadə Bakı şəhərində nəqliyyat sıxlığını artırır və mövcud tıxac problemini daha da dərinləşdirir. Eyni zamanda, şəhərdə avtomobil sayının artması ekoloji tarazlığın pozulmasına da səbəb olur. Məsələn, bir avtobus eyni anda təxminən 50 nəfər daşıya bildiyi halda, həmin sayda sərnişinin daşınması üçün 12-15 taksinin yollara çıxması tələb olunur. Bu isə həm yol yükünü artırır, həm də ətraf mühitə mənfi təsir göstərir. Bu baxımdan, qərar sürücülər üçün müəyyən çətinliklər yaratsa da, əsas məqsəd xaotik daşımadan nizamlı daşıma sisteminə keçidi təmin etməkdir. Sürücülər üçün optimal çıxış yolu fəaliyyət göstərdikləri ərazinin tələblərinə uyğunlaşmaq və şəhərlərarası sərnişin daşımaları üçün nəzərdə tutulan xüsusi statusu əldə etməkdir. Nəticə etibarilə, bu qərar şəhərin nəqliyyat yükünün azaldılmasına, ekoloji tarazlığın qorunmasına, süni qiymət dempinqinin qarşısının alınmasına və sərnişinlərin daha rahat, təhlükəsiz və sağlam şəkildə daşınmasına xidmət edir", - deyə Araz Nurməmmədov qeyd etdi.

Xədicə BAXIŞLI

Chosen
110
1
redaktor.az

2Sources