EN

İdmançımızdan Qış Olimpiya Oyunlarında tarixi nəticə

Azərbaycanı İtaliyada keçirilən "Milan-Kortina-2026" Qış Olimpiya Oyunlarında dağ xizəyinin slalom növündə təmsil edən Anastasiya Papatoma növbəti çıxışını edib.

Milli Olimpiya Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Kortina d`Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda idmançımız 2-ci enişinə 59-cu sırada başlayıb. 18 yaşlı təmsilçimiz 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb.

Bununla da Anastasiya Papatoma 2 cəhdin yekununa əsasən, 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51-ci yerdə başa vurub. Onun bu çıxışı Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.

İdmançımızın çıxışını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev də izləyib.

Xatırladaq ki, ilk enişində 92-ci sırada mübarizəyə başlayan Anastasiya Papatoma 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatmışdı.

Azərbaycan komandası "Milan-Kortina-2026" Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunub. Oyunların əvvəlki günlərində komandamızın üzvü Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarının qısa proqramında çıxış edib. Hakimlər tərəfindən 63,63 bal alan idmançımız bu nəticə ilə sərbəst proqrama vəsiqə qazana bilməyib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Chosen
43
16
bakivaxti.az

10Sources