EN

Orucu nə pozur?

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Hər il Ramazan ayında ən çox verilən sual bu olur. Orucu nə pozur?

Bu sual bütün sosial şəbəkələrdə, dini verilişlərlə, forumlarda səslənən ən populyar sualdır.

Özü də elə bil hər il bu sualı eyni adamlar verirlər.

Hər ailənin bir Ramazan ənənəsi olduğu kimi, bizim ailənin də Ramazan ənənəsi Nihat Hatipoğlunun apardığı Ramazan efirləri izləmək olub. Açığı bilmirəm indi o veriliş davam edir, yoxsa yox. Amma məsələnin kökü bu deyil.

Məsələnin kökü budur ki, hər il Ramazanda Nihat Hatipoğluna ünvanlanan yüzlərlə sualın içində ən populyarı bu idi: "Dişlərimi fırçalasam, orucum pozularmı?"

Nihat Hatipoğlu da özünəməxsus şəkildə, gülümsəyərək suala cavab verirdi.

Hər dəfə bu sualı kimdənsə eşidəndə, içimdə qəribə hisslər baş qaldırır.

Görəsən belə düşüncədə olan insanlar var ki, kimsə dişlərini yusa, orucu-ibadəti pozulacaq? İbadət əhli olan bir insan niyə düşünsün ki, dişlərini fırçalasa, Allahın ona qəzəbi tutacaq? Yoxsa, içindəki, edib-edəcəyi günahları bununla ört-basdır etməyə çalışır? Bəlkə nümayiş etdirməyə çalışır ki, ay millət, baxın-görün mən necə intizamlıyam...

Yüz manatlıq iftar süfrələrinin başına varlı-hallı adamları yığmaqla, sanki qonaqlıq verirmiş kimi davrananlar Allahın əmrini yerinə yetirmiş olduqlarını düşünürlər? Bu məqamda onları narahat edən yeganə məqam dişlərin necə yuyulması və ya heç yuyulmamasıdır?

Orucun əsl fəlsəfəsini dərk etməyən və ya buna heç ehtiyac duymayanların ən böyük dərdi diş yumaqdırmı?

Məsələn, gün ərzində kiminsə çörəyinə bais olub, kiminsə qız-qadının dalınca danışmaq orucu pozur. Kimisə şərləmək, qaralamaq orucu pozur. Kiminsə haqqına girmək, evinə dava salmaq orucu pozur.

Amma bəziləri böyük günahları bir kənara qoyub diş fırçalamağı ortaya salır. Sanki Allahın öz ümmətinə oruc tutmaq əmrinin əsas niyyətini kiçiltmək və məişət səviyyəsinə düşürtmək üçün çalışır.

Bax, sən dişini düz fırçalamadın, ona görə də orucun batildir deməklə ortaya nifaq salmaq, içindəki niyyətlə bağlı imanını söndürməyə çalışırlar.

Yeri gəlmişkən, bu gün niyyət axşamıdır. Bu günü il boyu təmiz və saf niyyətlə gözləyənlərə bu ay ərzində möhkəm cansağlığı və səhhətlərində heç bir çətinliyin olmamasını arzu edirəm. Arzu edirəm ki, oruclarını asan tuta bilsinlər. Həm də istərdim ki, gənc nəsil nümunəni "yüz manatlıq iftar"a gedib sosial şəbəkələrdə paylaşanlardan deyil, məhz ikincilərdən götürsünlər.

Çünki bu kəslər üçün imsaq və iftar üçün nə yeyəcəkləri, necə və harada yeyəcəkləri də vacib deyil. Önəmli olan odur ki, üç ədəd xurmaları, bir stəkan da suları olsun, dualarını edib, Allaha şükür edəcəklər. Onlar üçün bu ay ibadət, duaların edilməsi, namazların xüsusi şövqlə qılınması üçün bir fürsətdir. Tanıdığım bu kəslər həqiqətən də Ramazan ayının gəlməsini səbirsizliklə gözləyirlər. Bir tikə çörəklərini başqaları ilə bölürlər, evdən yemək qoxusu çıxdısa, qonşuya pay göndərirlər, qonşudan pay gəldisə, qabı doldurub göndərirlər.

Quranda deyilir ki, "Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız", - (Bəqərə, 183)

Böyük günahlarla üzləşmək hər kəsdən cəsarət tələb edir. Diş fırçalamaq məsələsini müzakirə etmək, buna görə qardaşının gözünü çıxartmaq da rahatdır. Sonra da özünü din aşiqi adlandırırsan, olursan Allahın ən sadiq qulu...

Amma söhbət təqvadan, insanın özünü, düşüncələrini, dediyi sözləri, etdiyi niyyəti nəzarətdə saxlamağından, vicdanına qulaq asmağından gedir. Niyə bu böyüklükdə, kosmik səviyyədə olan mənəvi yüksəlişi çoxları məişət səviyyəsinə endirir? Cəmiyyət də onlara bu işdə kömək edir.

Bəlkə də hər Ramazan eyni sualı vermək əvəzinə bu sualları özümüzə verək: Tutduğum oruc başqasının həyatına necə təsir edir, məni daha mərhəmətli edirmi? Bu ay kimə və necə kömək edə bilərəm? Mənim ibadətim məni qeybətdən saxlayırmı? Yoxsa bir gözü saatda, bir gözü də sosial şəbəkədə kiminsə qız-qadını üçün beynindən keçirdiyi düşüncələr, dediyi sözlər oruc tutmaq demək deyil. Bu sadəcə cəmiyyətin gözünə kül üfürməkdir. Allahın gözünə kül üfürmək alınarmı?

Bu ritorik sual idi.

Unutmayaq ki, Ramazan ayının ibadətlə paralel sosial funksiyası da mövcuddur. Yardımlaşma, zəkat, fitrə gözəl əmrlərdəndir.

Bütün bu əmrlər, həmçinin namaz, həcc ziyarəti cəmiyyət tərəfdən görünən məsələlərdir. Lakin oruc bəndə ilə Allah arasında olan gizli və səmimi münasibətdir. Adam bilərək və bilməyərək orucunu poza bilər, Allahdan onu bağışlanmasını istəyə və ibadətinə davam da edə bilər.

Allah buyurur ki: "Oruc mənim üçündür və onun mükafatını mən özüm verəcəyəm".

Deməli, bu ibadətin mahiyyəti o qədər xüsusi və gizlidir ki, onun dəyərini insan ölçmür və ölçə də bilməz. Bu tərəzi-nizam məsələsi Allaha məxsusdur.

Hətta düşünürəm ki, hər bir bəndə də özü ilə tək qalanda bunu başa düşür. Sadəcə bəziləri bu ibadəti sosial şouya çevirməyə çalışır.

Sonda bir arzum olacaq, bu müqəddəs Ramazan ayında kiməsə əl tutsanız, bir qutu ərzaq yardımı etsəniz, o evin balalarının üzünü çəkib sosial şəbəkələrə qoymayın. Allaha and olsun ki, sizin mükafatınızı Allah özü verəcək. Tanıdığım o qədər kişi və qadınlar var ki, illərdir nəinki Ramazan ayında, ilboyu yardım etdiyi ailələr, tələbələr var. Bir dəfə də üzə çıxartmırlar, gizli edirlər.

Bu Ramazan ayında tutulan orucların, edilən ibadətlərin Allah tərəfindən qəbul olunmasını diləyirəm. Allah hər birinizə ibadət etmək üçün saf niyyət, güc və qüvvət versin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
55
oxu.az

1Sources