EN

Nazirlik: Sosial layihə üzrə daha 15-dək mənzil satılıb

Bakı, 18 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satışa çıxardığı mənzillərdən son günlərdə daha 15-dək mənzil satılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında olan mənzillərlə ms.sosial.gov.az portal vasitəsilə tanış olmaq olar. Mənzillərdən almaq istəyənlər həmin portalda almaq istədiyi mənzili seçərək onu “Bron et” düyməsini sıxmaqla bron edə bilər.

Satılan həmin mənzillərin hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb. Çıxarışlıdır və ipoteka krediti ilə də almağa uyğundur.

Mənzilləri bron etmək istəyən bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən birinə malik olmalıdır.

Bir mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Əgər ilk bron etmiş şəxs mənzili almaqdan imtina edərsə, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.

Mənzili bron etmiş şəxslə nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır.

Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.

Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldilir.

Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət etmək olar.

Chosen
72
11
azertag.az

10Sources