EN

"Red Bull"dan Verstappeni şoka salacaq açıqlama: “Mənim işim onu xoşbəxt etmək deyil!”

"Formula-1" dünyasında 2026-cı ildən tətbiq olunacaq yeni texniki reqlamentlə bağlı gərginlik artır. "Red Bull"un texniki direktoru Pyer Vaşe, Maks Verstappenin yeni qaydalarla bağlı kəskin narazılığına gözlənilməz və sərt cavab verib.

İdman.Biz "RacingNews365" nəşrinə istinadla xəbər verir ki, dördqat dünya çempionu Maks Verstappen yeni güc qurğularını "Formula E-nin steriod qəbul etmiş forması" adlandıraraq, yarışın ruhuna zidd olduğunu iddia edib. Lakin komandanın texniki rəhbəri bu narazılığı bölüşməyib.

"Mənim məqsədim Maksı xoşbəxt etmək deyil. Onu yalnız yarışlarda qələbə qazanmaqla xoşbəxt edə bilərik. Mənim və komandanın işi ona ən öndə mübarizə aparmaq üçün lazımi alətləri (bolidi) verməkdir. Reqlamentin özü və bolid dizaynı haqqında nə hiss etdiyimiz bizim səlahiyyətimizdə olmayan xarici məsələdir. Bu, FIA ilə müzakirə olunmalıdır", - deyə Vaşe söyləyib.

Yeni qaydalara əsasən, mühərriklərin gücü daxili yanma və elektrik enerjisi arasında 50/50 nisbətində bölünəcək. Bu isə pilotların daha çox enerji idarəçiliyinə diqqət yetirməsini tələb edir. Verstappenin bu reqlamenti "anti-yarış" adlandırmasına baxmayaraq, Vaşe diqqətini yalnız "RB22" bolidini sürətləndirməyə yönəltdiyini vurğulayıb.

Qeyd edək ki, Bəhreyn testləri zamanı rəqib komandalar artıq Verstappenin enerji toplamaq üçün döngələrdə tətbiq etdiyi xüsusi taktikanı kopyalamağa başlayıblar. Lakin mühəndislər bu üsulun mühərrik və sürət qutusuna ciddi zərər verə biləcəyindən narahatdırlar.

İdman.Biz
Chosen
44
1
idman.biz

2Sources