EN

“İqlim dəyişmələrinin təsiri ilə Volqa çayının təxminən 10% ə qədəri su ehtiyatları azalıb”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə yayılan Xəzərlə bağlı videogörüntülər diqqət çəkir: Xəzər dənizində suyun səviyyəsi sürətlə aşağı düşür. Alimlərin və ekoloqların xəbərdarlığına görə, bu, həm Volga River çayının axınının qarşısının kəsilməsi, həm də qlobal istiləşmə nəticəsində baş verir.Xəzər dənizində son illərdə müşahidə olunan su səviyyəsinin azalmasının əsas səbəbləri hansılardır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında ekoloq Sadiq Həsənov bildirib ki, Xəzərin geri çəkilməsi 5 ölkə üçün ekoloji problemlərin yaranmasının əsas səbəblərindən biri olacaq.

Sadiq Həsənov

“Xəzər dənizinin geri çəkilməsi 2000-ci illərdən başlayıb. Son illərdə geriləmə sürətlə gedir, artıq 2 metr həddinə çatıbdır. Hər il 20-30 sm olmaqla geri çəkilmə davam edir. Xəzər hövzəsinin ətrafında 5 ölkə yerləşir. Onun geri çəkilməsi həm 5 ölkə üçün ekoloji və digər problemlərin yaranmasının əsas səbəblərindən biri olacaq. Məsələn; sahil zonasının artması müəyyən kommunikasiyaların, körpülərin tikilməsi üçün əlavə pullar, əlavə investisiyalar yatırmağına ehtiyac olacaq. Eyni zamanda əlavə torpaq resursları yaransa da, sahilin dənizdən çəkilməsi onlardan istifadənin məhdudluğunu nəzərə alaraq elə bir faydalı olmayacaq. Suyun geri çəkilməsi həm 5 ölkə üçün ekoloji problemlər və ətraf mühit, həmçinin iqtisadi problemlər yaratmaqdadır. Bununla bağlı Xəzər dənizinin suyun geri çəkilməsinin əsas səbəbləri ora axan şirin su çaylarının azalmasıdır. Xüsusilə, Volqa çayında təxminən 25 su anbarı tikilib. Volqa boyu demək olar ki, əkin sahələri genişləndirilib. O sahələrdə həmin sudan istifadə edərək əkin sahələrini suvarırlar. Volqa çayına iqlim dəyişmələrinin təsiri ilə təxminən 10%-ə qədəri su ehtiyatları azalıb. Bu da Volqadan axan çayın zəifləməsinə və azalmasına səbəb olub. Məhz buna görə Xəzər dənizinin suyu geri çəkilib. Digər çaylar - Ural, Terek və Kür çaylarında həddindən artıq su səviyyəsi azalıb. Hətta Kür çayı çox vaxt gedib Xəzər dənizinə çatmır. Biz bunu Azərbaycanda dəfələrlə müşahidə edirik. Kiçik çaylardan da gələn su xeyli azalıb. Bütün bunlar çayın qurumasının səbəbləridir. Əgər çayların artımı baş verməsə, Xəzər dənizinin geri dönümü o qədər də asan məsələ olmayacaq. Təbii ki, bu ətraf ölkələr üçün həm iqtisadi, həm də ekoloji problemlər yaradacaq”, - deyə Sadiq Həsənov vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
bizimyol.info

1Sources