Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiyanın Dövlət Dumasının deputatı Andrey Luqovoy Mərkəzi Asiya ölkələrini və Azərbaycanı “rusofobiyada” ittiham edib. Onun sözlərinə görə, bu ölkələrdə nəşr olunan tarix dərsliklərində guya “rusofob narrativlər” yer alır. Ekspert dairələri isə hesab edir ki, bu ittihamlar Rusiyanın informasiya gündəmində formalaşmış dominant ritorikaya tam uyğun gəlir.
KONKRET.az xəbər verir ki, Luqovoy Bakıda sovet zabiti ailəsində dünyaya gəlib və uzun illər sovet, daha sonra isə Rusiya xüsusi xidmət orqanlarında çalışıb. 2006-cı ildə isə Böyük Britaniyanın hüquq-mühafizə orqanları onu sabiq FSB polkovniki Aleksandr Litvinenkonun zəhərlənməsində əsas təşkilatçı kimi ittiham edib.
Sonradan Britaniya məhkəməsi Litvinenkonun “FSB-nin xüsusi əməliyyatı nəticəsində, ehtimal ki, şəxsən o dövrdə FSB rəhbəri olan Nikolay Patruşev və Rusiya prezidenti Vladimir Putinin razılığı ilə öldürüldüyünü” bəyan edib. Bu ittihamlardan sonra Rusiya hakimiyyəti Luqovoya deputat toxunulmazlığı verərək onu məsuliyyətdən qoruyub.
Məqalədə qeyd olunur ki, Luqovoy yalnız nadir radioaktiv maddə olan poloniumla həyata keçirilən sui-qəsdlə deyil, həm də keçmiş sovet respublikalarının müstəqil siyasətinə qarşı aqressiv ritorikası ilə tanınır. O, bu ölkələrin Rusiya ilə inteqrasiyadan imtina etməsini “nankorluq” kimi qiymətləndirir.

Luqovoyun narazılığına səbəb olan əsas məqam Qazaxıstanın tarix dərsliyində yer alan bir hissə olub. Həmin hissədə repressiyalar, aclıq, ekoloji fəlakətlər və ruslaşdırma siyasətinin qazax xalqına vurduğu zərərdən bəhs edilir. Deputat bunu “informasiya müharibəsi” kimi qiymətləndirib.
O, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistan dərsliklərində çar Rusiyasının kolonial siyasəti, kollektivləşmə nəticəsində yaranan aclıq, Stalin repressiyaları və deportasiyalar mövzusunun işıqlandırılmasını “rusofobiya” adlandırıb. Luqovoy hesab edir ki, bu xalqlar Moskvaya “tarixi keçmişlərinə görə minnətdar olmalıdırlar”.
Deputat YouTube-da yayımladığı videoda dərslik müəlliflərinə qarşı tədbir görülməsini də tələb edib. O, hazırda Rusiyada çalışan bəzi tarixçilərin “Qərb xüsusi xidmətlərinin təsiri altında” olduğunu iddia edib.

Son illər Rusiya rəsmiləri və təbliğatçılar Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini tez-tez Kremlin siyasətinə qarşı çıxmaqda günahlandırırlar. 2022-ci ildən sonra isə “Ukrayna ssenarisi” ilə hədələr daha da artıb.
Azərbaycan da daxil olmaqla, region ölkələrinin paytaxtlarında bu cür bəyanatlara əsasən rəsmi reaksiya verilmir. Oxşar yanaşma Mərkəzi Asiya dövlətlərində də müşahidə olunur.

Bununla belə, Qazaxıstanda bəzi politoloqlar Luqovoyun açıqlamalarına sərt reaksiya veriblər. Hüquq müdafiəçisi Sergey Duvanov bildirib ki, bu yanaşma imperiya təfəkkürünün təzahürüdür:
“İmperiya dağılmışdı, indi onu yenidən yığmağa çalışırlar. Kim fərqli tarix göstərmək istəyirsə, ona qarşı müharibə aparılır. Ukrayna buna nümunədir”.
Politoloq Dosım Satpayev isə hesab edir ki, Moskvanın postsovet ölkələrinə münasibəti dəyişməyəcək, yalnız təzyiq metodları müharibənin nəticəsindən asılı olaraq fərqlənəcək.
Məqalədə vurğulanır ki, Rusiya-Ukrayna müharibəsi artıq dörd ilə yaxındır davam edir. Bu müddətdə Rusiya Ukrayna ərazisinin təxminən 20 faizini işğal edib, böyük insan və iqtisadi itkilər verib. Hazırda münaqişə mövqelər savaşı mərhələsinə keçib və Rusiya mütəmadi olaraq Ukrayna şəhərlərinə zərbələr endirir.
Mənbə: haqqin.az
Natiq Səlim,
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.