EN

Rusiyadan Polşaya qarşı ŞOK: Təzminat iddiası hazırlayır

Polşa hakimiyyəti Rusiyaya qarşı “soyuq müharibə dövründə törədilmiş tarixi cinayətlərə” görə təzminat tələbi ilə məhkəmə iddiası qaldırmağa hazırlaşır. Rəsmi Varşava iddia edir ki, SSRİ-nin müttəfiqi olduğu dövrdə Polşa müxtəlif siyasi və sosial təzyiqlərə məruz qalıb və bunun əvəzinin ödənilməsi tələb olunmalıdır.

KONKRET.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk bu məsələ ilə bağlı tarixçilərdən ibarət xüsusi işçi qrupuna sözügedən “zülmləri” araşdırmaq tapşırığı verib. Hazırlanan təşəbbüs Polşanın əvvəllər Almaniyadan İkinci Dünya müharibəsi dövrünə görə 1,3 trilyon avro məbləğində təzminat tələb etməsi ilə də oxşarlıq təşkil edir. Lakin Varşavanın Moskvadan tələb etməyi planlaşdırdığı məbləğ hələlik açıqlanmayıb.

Məsələ ilə bağlı Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşanın iddialarına ironik reaksiya verib. O, təzminat əvəzinə Polşaya bəstəkar Qlinkanın “İvan Susanin” operasının videosunu təqdim etməyi təklif edib. Sözügedən opera 1613-cü ildə Polşa qoşunlarının Moskvaya yürüşündən bəhs edir.

“Reparasiya kimi həmin operanın videosuna keçid təqdim edə bilərik”, – deyə Zaxarova zarafatla qeyd edib.

Moskvada isə Polşanın bu təşəbbüsü qeyri-adekvat və siyasi fantaziya kimi qiymətləndirilib. Rusiya rəsmiləri bildiriblər ki, Varşava daxili problemlərini tarixə yenidən baxmaq və siyasi manipulyasiya yolu ilə həll etməyə çalışır.

Kreml Polşanın bu addımını “açıq-aşkar rusofobiya” və “sağlam olmayan siyasi ekstremizm” kimi xarakterizə edib və bu cür təşəbbüslərin ikitərəfli münasibətlərə zərər vuracağını vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Chosen
78
1
konkret.az

2Sources