EN

Vətən Müharibəsi Qəhrəmanı - şəhid polkovnik-leytenant Ramiz Qasımovun anım günüdür

Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan USTA dərəcəli pilot Ramiz Qasımov 1975-ci il fevralın 17-də Beyləqan şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 1992-1997-ci illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb. 1992-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər rayonu ərazisində yerləşən Qala aviabazasında xidmət etməyə başlayıb və Hərbi Hava Qüvvələrimizin arsenalında olan bütün tip vertolyotlarda uçuşlar həyata keçirib. 2020-ci ilin Tovuz döyüşlərində idarə etdiyi "Mi-17" döyüş vertolyotu ilə düşmənin dayaq məntəqələrinə və canlı qüvvələrinə sarsıdıcı zərbələr endirib. Ramiz Qasımov 44 günlük Vətən müharibəsi zamanı Ağdərə istiqamətində düşmənin bir çox strateji əhəmiyyətli hədəflərini məhv edib.

27 sentyabr tarixində hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu Tərtər istiqamətində geri dönərkən düşmən Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vurulub. Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini verib. Özü isə "Mi-17" hücum vertolyotunun 1500 nəfərin yaşadığı Azad Qaraqoyunluda yaşayış evlərinə düşməməsi üçün sürətlə hündürlüyünü itirən vertolyotu xüsusi ustalıqla boş sahəyə tərəf istiqamətləndirməyə başlayıb. Nəticədə Ramiz Qasımov vertolyotla yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətlənməyi bacarıb. Ramiz Qasımov son anda paraşütlə vertolyotdan atılsa da, başından zərbə alaraq ağır yaralanıb. Əvvəlcə Bərdə Rayon Xəstəxanasına, sonra isə Silahlı Qüvvələrin Baş Hospitalına aparılıb. Polkovnik-leytenant Ramiz Qasımov 25 gün komada qaldıqdan sonra oktyabrın 22-də şəhid olub. Bu müddətdə hamı onun sağalacağına ümid etsə də, dəmir qanadlı qəhrəmanın həyatını xilas etmək mümkün olmayıb.

Ramiz Qasımov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad, xatirəsi əbədi olsun!

Chosen
67
qht.az

1Sources