EN

“Ramazan sovqatı olaraq 5 ton xurma hədiyyə etməkdən şərəf duyuram” - SƏFİR

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirinin iqamətgahında Ramazan ayının gəlişi münasibətilə Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) xurma hədiyyəsinin təhvil verilməsi mərasimi təşkil olunub.

Hafta.az yazır ki, Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Səfir deyib ki, bu əlamətdar gün münasibətilə İki Müqəddəs Ocağın Xadiminin adından qardaş Azərbaycan xalqına Ramazan bayramı sovqatı olaraq ümumilikdə 5 ton xurma hədiyyə etməkdən şərəf duyur.

“Bu dəfə ilk partiya olaraq 5 ton xurma Qafqaz Müsəlmanları İdarəsinə təqfim olunacaq. Kral Salman Humanitar Yardım və Xeyriyyə Mərkəzinin himayəsi ilə yaxın günlərdə qəbul edəcəyimiz ikinci partiya 25 ton həcmində xurma sovqatını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil verəcəyik. Bu, Səudiyyə Krallığı tərəfindən hər il müsəlman ölkələrinə təqdim edilən sovqatdır və müsəlman qardaşlarımızı müqəddəs Ramazan ayı münasibətilə təbrik etmək məqsədi daşıyır”, - diplomat bildirib.  

Səfir İssam bin Saleh əl-Cuteyli qeyd edib ki, bu humanitar aksiya Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri və İrşad naziri Əbdüllətif əl-Şeyxin himayəsi altında həyata keçirilir və nazirliyin nümayəndəsi Əbdürrəhman əl-Əbdülkərimin iştirakı ilə icra olunur.

Diplomat qeyd edib ki, xurma sovqatının paylanması İslam ənənələrində xüsusi yer tutan mərasimlərdən biridir. Bu adət Ramazan ayı və anım mərasimləri, xeyirxahlıq tədbirləri, eləcə də Həcc ziyarətindən qayıdış zamanı Allahın nemətlərinə şükür və rəhmət diləyi niyyəti ilə həyata keçirilir.

Səfir bildirib ki, bu kimi humanitar proqramlar və xeyriyyə təşəbbüsləri İslam dəyərlərinə, qardaşlıq və həmrəylik prinsiplərinə əsaslanır, eyni zamanda, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu proqram Səudiyyə Ərəbistanı Krallığının təşəbbüsü ilə dünyanın 100-dən artıq ölkəsini əhatə edir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov təqdim olunan sovqat üçün səfirə, Səudiyyə hökumətinə və xalqına təşəkkür edib. Bildiirb ki, hazırda iki ölkə arasında sıx dost münasibətlər mövcuddur. Tarixi çox qədim olan bu münasibətlər indi də sürətlə inkişaf etməkdədir.

“Ölkələrimiz və xalqlarımız arasında çox yüksək olan əlaqələrimiz fonunda, biz bütün məsələlərdə şəxsən cənab səfirin vasitəçiliyi ilə həll yollarına nail oluruq” deyən Bəxtiyar Nəcəfovun sözünə qüvvət olaraq səfir İssam bin Saleh əl-Cuteyli qeyd etdi ki, Azərbaycanlı zəvvarlar hər il Krallıqda ən yüksək səviyyədə qəbul olunur və Haramül Məscidə ən yaxın və ən üstün məkanda yerləşdirilir.  Bu da öz növbəsində azərbaycanlı zəvvarların Həcc ayinlərini yetirməsini asanlaşdırır.

Chosen
75
hafta.az

1Sources